Mahirlə bağlı oxşar və xoşbəxt start - bəs sonluq nə vəd edir?

10 İyul 21:00 Bizimkilər 418
Mahirlə bağlı oxşar və xoşbəxt start - bəs sonluq nə vəd edir?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb.

27 yaşlı futbolçu bu dəfə Almaniyanın Regional Liqa təmsilçisi “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.

Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

“Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub. Almanların ilk oyunu isə Lüksemburqun "Saar" komandasına qarşı olub. Mahir həmin görüşdə də 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Düzdü, açıq görünür ki, rəqiblər çox zəif seçilib.

Amma istənilən halda həmyerlimizin yeni ünvanda özünü bu qədər rahat hiss etməsi sevindiricidir.

Deməli, adaptasiya problemi yaşanmayacaq.

Əslində Emreli getdiyi hər yerdə buna bənzər startla yadda qalıb.

"Legiya"dan, "Dinamo"da və ən son da "Nürünberq"də ilk günlər kifayət qədər parlaq keçirmişdi.

Bir hücumçu kimi Mahir qollarını sıralamağı bacarmışdı.

Təəssüf ki, bunu sabitliyə çevirmək hər dəfə problemə çevrilib.

Ardını gətirməyə nəsə mane olub.

Gah zədə problemi yaşanıb, gah məşqçi dəyişikliyi yaşanıb, gah da onun xarakteri problemə yol açıb.

Deməli növbəti bənzər sonluğun yaşanmaq ehtimalı az deyil. Təbii ki, bunu kimsə arzulamır.

Artıq yaş o yaş deyil, Mahirin kifayət qədər zəngin təcrübəsi də var.

Ümid edək ki, bu dəfə hər şey başladığı kimi də davam edəcək. Nəhayət, belədə hücumçumuzu layiq olduğu daha yüksək zirvədə görə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!