Sportinfo.az xəbər verir ki, "Dinamo"nun(Tbilisi) əslən azərbaycanlı hücumçusu Yusuf Mehtiyev sportal.az-a müsahibə verib.
Gürcüstanın U-19 yığmasına dəvət edilən forvard Azərbaycan millisindəki mümkün çıxışından danışıb.
- "Dinamo"da işlərin necə gedir? Əsas komanda ilə məşqlərə cəlb olunursan?
- "Dinamo"da işlərim yaxşı gedir. Hazırda əvəzəedici heyətin üzvüyəm, U-19 yığmasında da oyunlara çıxıram. Bəli, əsas komanda ilə məşqlərə çıxmışam. Baş məşqçi məni əsas komandaya cəlb etmişdi.
- "Dinamo"nun əsas komandasında daimi möhkəmlənmək, oynamaq üçün şans var?
- Əsas komandaya özümü hazırlamaq üçün əlimdən gələni edirəm. Allah qoysa, yaxın zamanda "Dinamo"nun əsas komandasına cəlb olunacam. Özümü inkişaf etdirərək, daimi olaraq əsas komandada oynamağı istəyirəm. Ümidvaram ki, bunu reallaşdıracam.
- Əsas komandanın baş məşqçisi Ferdinand Feldhofer səni şəxsən tanıyır, heç əvəzedici liqa oyunlarına baxır?
- Bəli, Ferdinand Feldhofer məni yaxından tanıyır. Demək olar ki, əsas komandanın bütün oyunlarına baxır, yaxından izləyir. Ona görə də məni də tanıyır. Dediyim kimi, əsas komandanın heyətində məşqə də çıxmışam.
- Maraqlıdır, heç Azərbaycan Premyer Liqasında yarışan klublardan təklif almısan?
- Xeyr, Azərbaycan klublarından heç bir təklif olmayıb. Mənim "Dinamo" ilə müqaviləm var. Hələ ki, transfer haqda düşünmürəm. İndi əsas məqsədim "Dinamo"nun əsas komandasına daimi cəlb olunmaq, orada oynamaqdır.
- Vaxtı ilə təcrübə keçmək üçün "Gent", "Standart" kimi komandaların düşərgəsində olmuşdun. Maraqlıdır, belə bir şey yenə gözlənilir?
- Menecerim var, Laşa Jakobiya. O Gürcüstan yığmasının sabiq üzvüdür. İndi də menecerimdir. Onun özü Avropa klubları ilə əlaqədədir. Tez-tez Avropa klubları ilə görüşür, danışır. Özümü tez bir zamanda inkişaf etdirərək, "Dinamo"nun əsas komandasında oynamaq istəyirəm. Ondan sonra hər şey mümkündür.
- Gürcüstanın U-18 və U-19 yığmalarına cəlb edilmişdin. İndi də Gürcüstanın U-19 yığmasına dəvət edilirsən?
- Bəli, Gürcüstanın U-18 və U-19 yığmalarında çıxış etmişəm. Qarşıda da seçmə oyunlar var. Milliyə dəvət edilmək istəyərəm. Necə olacağını görəcəyik.
- Bir ara Azərbaycan yığmasına cəlb olunacağın gözlənilirdi. U-17 və U-19 yığmalarımızda çıxışın gözlənilirdi. Hazırda vəziyyət nə yerdədir? AFFA səni milliləşdirmək addım atıb?
- Düzü, Azərbaycan yığmasında oynamaq üçün o vaxtı ilk təklifdən sonra heç bir təklif almamışam. Azərbaycan pasportum yoxdur. Ona görə də yığmada oynamaq şansım yoxdur. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.