Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun şərəfini qoruduğu "Bursaspor"da yaranmış maliyyə problemi ilə bağlı məlumat vermişdik.
İş o həddə çatıb ki, komandanın Antalya bölgəsindəki təlim-məşq toplanışında 21 futbolçu iştirak edir.
Bunların sırasında yalnız 3 əcnəbi var və onlardan biri də Namik Ələskərovdur.
Bursa təmsilçisində çilili Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və klubu FIFA-ya şikayət edib.
Sloveniyalı Tim Matavj da eyni səbəbdən "Bursaspor"u UEFA-ya şikayət edib və müqaviləsini ləğv edərək Kipr "Omoniya"sına keçib.
Hazırda zədəli olan niderlandlı Elton Akolatse də komandanı tərk etmək istəyir.
Bundan əlavə, "timsahlar"ın gənc və istedadlı oyunçuları hesab olunan Taha Altıkardeş, Batuhan Kör, Kerem Şen maliyyə problemlərinə görə "Trabzonspor"a satılıb.
Bizi narahat edən isə təbii ki, Namiq Ələsgərovun durumudur. Düzdü, həmyerlimizin mövsümün sonuna kimi türkiyə təmsilçisində qalacağı demək olar ki, dəqiqləşib. Bəs maaşlarla bağlı durum necədir? Namiq müqavilədə göstərilən maaşını, mükafatlarını vaxtı-vaxtına ala bilirmi?
Suallarımıza cavab tapmaq üçün Ələsgərovun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq.
Vaqif bəy Sportinfo.az-a açıqlamasında bunları dedi: "Ciddi problem yaradacaq məsələ yoxdur. Olar bilər kiməsə problem yaradılır, amma Namiq üçün belə bir narahatlıq yoxdur.
Əgər elə bir şey olsa, həmin an hüquqi tədbir görüləcək. Gecikmələr bütün klublarda olur. Deyim ki, hər şey idealdı, superdi, yox. Bunu heç bir klub, heç bir futbolçu deyə bilməz. Amma ciddi sayılacaq problem yoxdur".
XANOĞLAN / SPORTİNFO.AZ

