Mahir Emrelidən böyük iradə, güclü dirəniş, doğru qərar

3 Fevral 2022 16:40 Bizimkilər 1 149
Mahir Emrelidən böyük iradə, güclü dirəniş, doğru qərar

Mahir Emreli "Legiya"dan ayrılmaq barədə qəti qərarın eşitdiyim ilk andan doğru hesab etmişəm.

İlk anda bəlkə də ürəyimin səsinə qulağ asmışdımsa, bir qədər düşündükdən sonra ağlım da eyni fikri mənə təlqin elədi.

Axı Mahir niyə "Legiya"da qalsın? Dünən onu döyənlərin bu gün və ya sabah döyməyəcəyinə kim zəmanət verə bilərdi? Heç kim!

Məsələnin bir başqa tərəfi də onun vəfasız komanda yoldaşlarının olmasıdır.

Günün böyük hissəsini meydanda və ya meydandan kənar bir yerdə keçirdiyi komanda yoldaşlarından neçəsi belə ağır günlərdə Mahirə dəstək oldu? Heç biri!

Rəhbərlikdən kim çıxıb "Mahir, yanındayıq" dedi? Heç kim.

Bu kimi onlarla faktlar saymaq olar ki, Mahirin haqqlı qərar verdiyinə əminliyimizi möhkəmləndirmiş olaq.

Amma içimdə bir narahatlıq da vardı. Bəs karyerası necə olacaq? Hara gedəcək? Bir müddət futbolsuz qalması və Türkiyə klublarından birinə keçmək ehtimalı məni pərişan edən ehtimallar idi. Şükür, heç biri baş tutmadı.

Futbolsuz qalmaq Mahirin karyerasına necə fəsad yaradacağını izah etməyə ehtiyac yoxdur.

Türkiyə variantı isə elə futbolsuz qalmaq qədər riskli və təhlükəli idi. Hər nə qədər qardaş ölkə olsa da, Mahirin orada böyümək perespektivləri çox az görünürdü.

Nəhayət, bu gün Mahirin Xorvatiyanın adlı-sanlı Zaqreb "Dinamo"suna keçidi rəsmiləşdi. O "Dinamo" ki, neçə-neçə ulduzların start nöqtəsi olub.

Bu baxımdan ağır dönəmdə verdiyi iki əhəmiyyətli və doğru qərar üçün Mahir böyük əhsən düşür. İradə göstərdi, sonuna kimi getdi və istəyinə çatdı. İndi isə qalır meydanda doğru qərarlarla qolları sıralamaq. Ümid edək ki, Mahirdə bu da alınacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!