Türkiyədə qolları sıralayan azərbaycanlı niyə ehtiyatda qalır?

2 Fevral 2022 17:00 Bizimkilər 1 265
Türkiyədə qolları sıralayan azərbaycanlı niyə ehtiyatda qalır?

Türkiyədə legioner həyatı yaşayan həmyerlimiz Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Ankara Keçiörengücü”nün işləri heç də pis getmir.

Son 5 oyunda cəmi 1 dəfə məğlub olan paytaxt təmsilçisi qazandığı 2 qələbə və əldə etdiyi 2 heç-heçə sayəsində xalların sayını 26-ya çatdıraraq turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib.

Təəssüf ki, eyni sözləri Vüsal haqda deyə bilməyəcəyik. Qardaş ölkədəki ilk aylarda daim komandasının “11-liy”ində yer alan azərbaycanlı yarımmüdafiəçi son dönəmlərdə əvəzedici statusu ilə barışmaq məcburiyyətindədir.

Dəqiq desək, noyabrın 28-dən bu yana Ankara təmsilçisinin iştirakı ilə baş tutan 9 qarşılaşmanın yalnız 3-də Vüsal əsas heyətdə yer alıb.

5-də meydana sonradan daxil olubsa, 1 oyunu sarı vərəqə cəzalısı olduğuna görə buraxıb.

İşin maraqlı tərəfi İsgəndərlinin meydana sonradan çıxdığı görüşlərdə rəqib qapılarına yol tapmasıdır. “17 nömrə” 4 qoldan 3-nü məhz oyuna sonradan qoşularaq vurub.

Belə vəziyyətdə həmyerlimizin ehtiyatda qalması sual doğurmaya bilməz. Qol vuran, oyunda gərginlik yaradan futbolçu niyə “11-lik”də yer almasın ki?!

Suala cavabı səbəbkarın özü ilə söhbətdə tapmağa çalışdıq. Vüsal Sportinfo.az-a açıqlamasında təzada aydınlıq gətirdi:

“Bu, sırf baş məşqçinin qərarı ilə bağlı olan bir şeydir. Başqa səbəb axtarmağa dəyməz. Futbolçu yoldaşlarımla münasibətim əladır, rəhbərliklə qarşılıqlı hörmətimiz var.

Baş məşqçi tərəfindən daim inam və dəstək görürəm. Sadəcə, bəzi matçlarda taktiki dəyişikliklərə görə ehtiyatda qalıram.

Bu da bilirsiz, nəyə görədir? Fiziki baxımdan güclüyəm deyə, oyuna sonradan qoşulanda komandaya xeyir verə bilirəm.

Fikir verirsizsə, 4 qoldan 3-nü meydana ikinci yarıdan girəndə vurmuşam. Taktiki gediş uğurlu alınır, ona görə də baş məşqçi bu taktikadan yararlanır.

Həm də ki, ikinci yarıda meydana 80-85-ci dəqiqədə yox, hissənin əvvəlində - 50-55, uzağı 60-cı dəqiqədə daxil olmuşam, bu da meydanda daha çox vaxt keçirməyim deməkdir.

Digər tərəfdən, ehtiyatda qalanda küsən futbolçulardan deyiləm. İlk dəqiqədən oynadım, ya sonradan qoşuldum – fərq etmir.

Əsas odur ki, komandama fayda verim, qol vurum, qol ötürməsinin müəllifi kimi yadda qalım. Ona görə də dediyiniz məqama elə də çox fikir vermirəm. Komandada mənə inanırlar, sevirlər, şans verirlər, bu mənə bəs edir”.

Vüsal İsgəndərli “Ankara Keçiörengücü”nün Türkiyə Birinci Liqasında keçirdiyi 21 qarşılaşmanın 19-da meydanda olub.

1106 dəqiqə top dalınca qaçan həmyerlimiz 4 qola imzasını yazdırıb. O, qol sayında hücumçulardan – Emeka Eze (9 qol) ilə İbrahim Olavoyindən (6 qol) geri qalır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!