
Uzun illər ölkəmizdə top dalınca qaçan, 2010-2018-ci illər aralığında ölkəmizin U-21 və əsas millilərində çıxış edən Ruslan Qurbanovun yeni iş yeri müəyyənləşib.
30 yaşlı hücumçu karyerasını Belarusda davam etdirəcək.
O, ötən yaydan formasını geyindiyi Mozır “Slaviya”sı ilə yeni anlaşma imzalayacaq. Müqavilənin müddəti 1 illik nəzərdə tutulub.
Lakin Ruslan orada bu ilin sonuna qədər qalmaq niyyətində deyil. Məqsədi yayda digər variantları nəzərdən keçirmək, xüsusən də Rusiya klublarından biri ilə anlaşmaqdır.
Əslində, Qurbanov bu ay Rusiyanın birinci liqa komandalarından birində peyda olarmış. Lakin avqustdan sonra Belarusda kifayət qədər oynamaması, üstəlik, atasının vəfatına görə bir müddət futboldan uzaq düşməsi ziyanına işləyib.
İndi istəyi Belarusda mütəmadi foma şansı qazanıb statistik göstəricilərini yaxşılaşdırmaqdır. Belə olduğu halda, Osetiyadan olan Soslan adlı agent onu Rusiya klublarının birində yerləşdirəcək.
Hər halda menecer əməkdaşlıq etdiyi futbolçuya belə deyib.
HƏBİB / SPORTİNFO.AZ