"Yeni mövsüm maraqlı olacaq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.
Prezident daha maraqlı mövsüm gözlədiklərini vurğulayıb:
"Azərbaycan Basketbol Liqasına bu il daha iki klub qoşulub. Bundan başqa, format dəyişikliyi olub.
Komandalar A və B qruplarına bölünüblər. Hər bir komandanın çempion olmaq imkanı var. Bu, yalnız A qrupuna aid deyil.
Bunu güclülər liqası və ikinci dəstə kimi başa düşmək səhvdir. Sadəcə, çempionat daha çox oyun keçirilməsi məqsədilə belə təşkil olunacaq.
Daha çox oyun olanda, çempionatın da maraqlı keçəcəyini gözləyirik. Təxminən 8 gündən sonra çempionat başlayır.
Mənim üçün kimin çempion olmasının fərqi yoxdur. Güclü kmdirsə, o da qalib gəlsin".
O, yeni formatla bağlı bunları söyləyib:
"Çempionat elə qurulub ki, birinci "altılıq"dan 3, ikinci "altılıq"dan 1 komanda birbaşa pley-offa vəsiqə qazanacaq.
Qalan komandalar pley-off mərhələsində oynayacaq. Qaliblər, yəni 8 komanda pley-offa vəsiqə əldə edəcək.
Orada da qalib gələnlər növbəti mərhələyə yüksələcək, daha sonra ilk "altılıq" müəyyənləşəcək. Bilirsiniz ki, federasiya tərəfindən klublara maliyyə yardımı göstərilir.
Növbəti illərdə çalışacağıq komandaların birinci və ya ikinci "altılığ"a düşməsindən asılı olmayaraq, diferensiallaşmış maliyyə ayrılsın.
Ümumiyyətlə, çalışırıq ki, klubların işinə dəstək olaq, nəinki onları idarə edək. Hazırkı formatla ən azı növbəti 2-3 ildə də davam etmək istəyirik".
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.