"Bu gün deyirik ki, hər şeyi AFFA həll etməlidir, uşaq yetişdirməlidir. Məncə, bu fikri dəyişmək lazımdır".
Bu fikirləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov səsləndirib.
Düz sözə nə deyəsən?
Həqiqətən, bu gün ölkə futbolunun bu gündə olmasında klubların böyük günahı var.
Ölkə futbolunun pramidası milli komandadır. Ora cəm olan oyunçular isə klublardan çağrılır.
Bu gün milliyə dəvət olunmağa 3-5 normal yerli oyunçu yoxdursa, buna AFFA nə edə bilər?
Axı normal yerlini klub yetişdirməlidir. Axı futbolçuların yetişməli olduğu akademiyalar klubların balansındadır.
Orada isə vəziyyət çox acınacaqlıdır.
Təəssüf ki, illərdi klublarımızın bu cür bərbad yanaşması, idarəçiliyi AFFA-ya yönələn tənqidlərin kölgəsində qalır.
Federasiya bir tənqid olunanda, gərək klublar beş dəfə artıq tənqid olunsun.
Amma klubları asıb-kəsəndə bir məsələni də qeyd etməsək olmaz.
Klubların yerli oyunçulara qarşı ögey münasibətinin kökündə AFFA-nın qərarları da az rol oynamır.
Klublarımız iş görmürsə, federasiya onları buna təhrik etməlidir.
Ölkə futboluna cavabdeh qurumun tələbləri elə olmalıdır ki, klublar istədi-istəmədi əlini daşın altına qoysun.
Unutmayaq ki, bu gün 2.5 milyon manat dövlət dotasiyası məhz AFFA-nın əli ilə klublara verilir.
Deməli, təsir imkanları da kifayət qədər böyükdür.
Məsələn, həmin pulların akademiyalara daha çox sərf edilməsi üçün tələblər olmalı, nəzarət mexanizmi güclənməlidir.
2.5 milyonun 500-min manatı yox, 1.5 milyonu akademiyalara sərf olunsun.
Bu gün zəif nəzarət üzündən heç nəzərdə tutulan 500 min manat da akademiyalara xərclənmir.
Əvəzində 5-ci sort əcnəbilər ölkəmizə daşınır.
Çempionluq uğurunda oynayan "Qarabağ", "Neftçi", "Sabah"dan ta liqada qalmaq üçün mübarizə aparan "Kəpəz"ə, "Karvan-Yevlax"a qədər...
Ən kasıbının 12 gəlmə futbolçusu var.
Buna cığırı açan kimdir?
Təbii ki, AFFA.
Hər halda legioner limitini ləğv edən nə mənəm, nə də klublar.
Bu qərarı çıxaran AFFA-dı.
Onsuz da akademiyalara diqqət istənilən səviyyədə deyildi.
Onsuz da normal yerli oyunçularımız az idi.
Bu qərarla vəziyyət daha da pisləşib.
Akademiyalar tamamilə kölgədə qalıb.
10 il akademiyaya pul sərf edib yerli oyunçu qazanınca (hələ o da olsq) gedib 5-6 min dollara Afrikadan hazırın gətirərəm də...
Bu gün klublarımıza bu fikir hakim kəsilib.
Hələ legioner limitinin ləğvindən qısa müddət sonra "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev "bizim həm akademiyaya pul ayırmağa, həm də legioner gətirməyə pulumuz yoxdur. Lazım olan mövqelərə gedib hazır əcnəbi oyunçular alacağıq" demişdi.
"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı isə "Legioner limitinin ləğvi "Qəbələ" akademiyasının bağlanmasının yeganə səbəbi olmasa da, səbəblərdən biri olub. Limit ləğv olunandan sonra klubların yerli futbolçu yetişdirməyə marağı azalır, nəticədə akademiyalara sərmayə qoyuluşu da əvvəlki qədər cəlbedici olmur.
Çünki limit olmayanda klublar hazır legionerlərə üstünlük verir, bu isə futbolçu yetişdirməyə marağı azaldır" açıqlamasını vermişdi.
Adını çəkdiyim iki klub rəsmisi problemi aşkarda dilə gətirib. Pərdənin arxasında eyni şeyi danışanlar da az deyil. Haqqları da var. Arqumentləri də kifayət qədər məntiqlidir.
Bir sözlə, klublar günahkardır...
Onları günaha sürükləyən, hazır legionerə üstünlük verməyə həvəsləndirən sistemi quran da AFFA-dır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

