Ukrayna Premyer Liqasında daha bir azərbaycanlı - FOTO

13 Noyabr 2023 02:20 Avropa Liqası 1 147
Ukrayna Premyer Liqasında daha bir azərbaycanlı - FOTO

Ukrayna Premyer Liqasında Azərbaycanla bağlılığı olan futbolçular - Emil Mustafayev, Dmitro Nağıyev haqda tez-tez müsahibələr dərc edib, onların millimizdə oynamaq istəməsini oxucularımıza çatdırırıq.

Araşdırmamızdan sonra bu ölkədə potensialına böyük ümidlər bəslənilən, Premyer Liqada debüt edən daha bir həmyerlimizi tapdıq.

Söhbət Ramik Hacıyevdən gedir. O, "Dnipro-1"in üzvüdür.

Əslində, yaydan bu yana əsas komandaya cəlb edilib. Onun adı hətta Çempionlar Liqasının təsnifat mərhələsinin “Panatinaikos”la (1:3, 2:2) görüşləri üçün də sifariş edilmişdi.

Premyer Liqanın 8-ci turunun "Zarya" ilə səfər görüşündə isə əsas komandada debütü gerçəkləşib. O, 79-cu dəqiqədə Valentin Rubçinskini əvəzləmişdi.

"Rux"un yetirməsi olan 18 yaşlı yarımmüdafiəçinin "Dnipro-1"lə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.

Yunanıstan klubu ilə matçda ehtiyat skamyada oturan Hacıyevin AFFA-nın siyahısında olub-olmaması hələ ki, bəlli deyil.

Fakt odur ki, federasiya ona təklif göndərməyib və hələ də, yığma komandamıza qazandırılmayıb. Futbolçu əslən Azərbaycandandır.

Araşdırmamız nəticəsində bəlli oldu ki, onun hər iki valideyni azərbaycanlıdır. 2005-ci ildə Azərbaycanda dünyaya gələn Ramik sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb.

Milliyə heç bir xeyri dəyməyən legionerləri milliləşdirən AFFA-nın Ukraynada, Gürcüstanda yaşayan və əslən azərbaycanlı gənc futbolçuları yığma komandalara cəlb etmək üçün eyni həvəsi nümayiş etdirib-etdirməyəcəyini isə zaman göstərəcək (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti