AFFA-nın ayırdığı 167 min manat hara xərclənib? – “Bizim hesaba köçürülməyib”

10 Aprel 21:20 Araşdırma 1 320
AFFA-nın ayırdığı 167 min manat hara xərclənib? – “Bizim hesaba köçürülməyib”

Aprelin 2-də keçirilən AFFA-nın Hesabat-Seçki Konfransında 2023-cü ilin maliyyə hesabatı təqdim olundu.

Xərclənən pulların siyahısında diqqətimizi çəkən məqamlardan biri Futbol Veteranları İttifaqına 167 min 109 manat vəsaitin ayrılması idi.

Əvvəlki illər olsaydı, haradasa başa düşmək olardı. Veteranlar arasında turnirlər təşkil olunar, sabiq top ustaları hansısa yarış üçün Rusiyaya, Gürcüstana üz tutardılar. Lakin son illərdə bu ənənəyə rast gəlmirik.

Belə olduğu təqdirdə, 167 min hara, kimə, nəyə xərclənib?

Suala cavab tapmaq üçün Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə əlaqə saxlayanda məlum oldu ki, başa çatan ildə ittifaqın hesabına “qara qəpik”də köçürülməyib:

“Qeyd olunan məbləğ Veteranlar İttifaqının adına yazılsa da, bizim hesaba köçürülməyib.

Göstərilən pul veteranların təqaüdünə, xəstə olanların müalicəsinə, dünyasını dəyişənlərin dəfn və digər xərclərinə ayrılıb. Və həmin vəsait birbaşa AFFA tərəfindən ödənilib, bizə aidiyyatı yoxdur.

Belə deyim, veteranlara xərclənən pullar Veteranlar İttifaqının adına yazılır”.

İttifaqa maliyyə ayrılmırsa, veteranların cəmləndiyi qurum nəyə lazımdır? Və ya, Veteranlar İttifaqının işi nədən ibarətdir?

Abdullayev son illərdə bu məsələdə soyuq münasibətlə üzləşdiklərini bildirərək AFFA-ya yeni rəhbər şəxslərin gəlişindən sonra yaxşı mənada dəyişikliyə ümid etdiklərini söyləyib. Növbəti illər üçün hazırladıqları plan barədə ətraflı olmasa da, müəyyən məlumatlar verib:

“Düz qeyd edirsiniz, əvvəlki illərdə veteranların regionlara səfərləri olurdu. Masallı, Qəbələ, Şəki, Oğuz, Qax, Naxçıvan kimi şəhərlərə səfər edərək veteranlar arasında turnirlər, master-klass məşqləri təşkil edirdik.

Bu kimi yarışlar yerli camaatda maraq doğururdu, futbola marağın artmasına səbəb olurdu. Çünki tanınmış veteranları meydanda görürdülər.

Lakin sonradan məlum olmayan səbəbdən AFFA tərəfindən maliyyə ayrılmadı. Dedilər, pul yoxdur.

Yeni rəhbərliyin gəlişindən sonra ümidimiz böyükdür. Xahiş etmişəm ki, bizi dəvət etsinlər, hazırladığımız planı təqdim edək. Müəyyən ideyalarımız var ki, onların həyata keçirilməsini xahiş edəcəyik.

Məsələn, “Veteran kim olmalıdır” sualı ilə bağlı Nizamnamə hazırlamışıq. AFFA-nın hüquqşünası, Məşqçilər Komitəsi, klub rəsmiləri Nizamnamə ilə tanışdırlar. İcraiyyə Komitəsinin iclasını və qərarını gözləyirik. Millidə 5 oyunda meydana çıxmış futbolçu ilə 70-80 oyun keçirmiş futbolçu eyni məbləğdə təqaüd almamalıdır. Elə etmək istəyirik ki, hər şey ədalətli olsun, veteranlar hər imkanda AFFA-nın üstünə qaçmasınlar. Klubların dəstəyi ilə fond yaradaq və veteranların xərclərini özümüz qarşılayaq.

Son illərdə Veteranlar İttifaqının sadəcə adı var idi. Bundan sonra futbolun inkişafı yönündə ciddi işlər görmək istəyirik. Futbolun təbliği yönündə veteran futbolçuların Bakıda və bölgələrdə azarkeşlərin önündə çıxış etməsi və futbol oynaması olduqca vacibdir. Ümid edirəm ki, AFFA-nın yeni rəhbərliyi və yenilənmiş İcraiyyə Komitəsi ideyalarımıza müsbət yanaşacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti