Azərbaycan millisinin üzvü Ramil Şeydayev karyerasını Türkiyədə dabvam etdirəcək.
Buna qədər Rusiya, Azərbaycan, Türkiyə, Slovakiya, Tayland klublarında legioner həyatı yaşamış 27 yaşlı futbolçunun növbəti dayanacağı “Kocaelispor”dur.
Şeydayevin qardaş ölkədə oynamaq həvəsinə düşməsi xoş haldır. Xüsusən də, bu, Super Liqaya vəsiqə qazanmağa iddialılardan biridirsə.
Lakin bir əmma var. Ramil burada şans qazana biləcəkmi? Daha doğrusu, əsas heyətdə möhkəmlənmək mümkün olacaq?
Nəzər yetirək.
Hücum xəttinin ağası Duqlas da Silva Tankdır. Braziliyalı forvard cari mövsümdə 16 oyunun 15-də əsas heyətdə yer almaqla 8 qola (1 assist) imzasını yazdırıb.
“Yaşıl-qaralar”ın ən məhsuldar futbolçusudur. 187 sm boya malik 30 yaşlı futbolçu hücumun sivri ucunda çıxış edir.
32 yaşlı Joao Amaral da Eruğrul Sağlamın yarımmüdafiənin cinahlarında güvəndiyi simalardandır. Hər iki cinahda vinger funksiyasının öhdəsindən gəlməyi bacaran portuqaliyalı cari mövsümdə 16 qarşılaşmanın 14-də “11-lik”də yer alıb ki, 2 qol və 5 assistlə yadda qalıb.
Çiyinlərində illərin təcrübəsini daşıyan Daniel Kandeyas əsas heyətdə toxunulmazdır. Portuqaliyadan olan “10 nömrə” 18 oyunun hamısında əsas heyətdə yer alıb, 3 qolla 4 assistə imzasını yazdırb.
Gürcüstan millisinə dəvət alan Georgi Beridze də vingerlərdən biridir. Ötən mövsüm “Ankaragücü”nün sıralarında olan 26 yaşlı futbolçu cari mövsümdə 12 oyunda meydanda olub, 9-da ilk dəqiqələrdən şans qazanıb və aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Ramilin əsas rəqiblərindən biri də Barış Alıcıdır. 2018-19 mövsümündə “Fənərbağça”nın heyətində 8 oyunda meydana çıxan Türkiyə U-21-nin sabiq üzvü 14 oyunun 7-də “11-lik”də şans qazanmaqla 5 qol vurub, 4 assist edib ki, bu göstəricidə “Kocaelispor”un ikinci ən məhsuldar futbolçusudur.
Siyahını Cem Ekinci, Yusuf Emre Gültekin, Kristian Kuaku kimi adlarla da uzatmaq mümkündür.
Görünən odur ki, Ramili “Kocaelispor”da çox, həm də çox ciddi rəqabət gözləyir. Əsas heyətdə möhkəmlənmək bir yana, ilk dövrlərdə meydana sonradan daxil olub özünü yaxşı tərəfdən göstərə bilməsə, başı bəla çəkəcək.
HƏBİB / SPORTİNFO.AZ

