
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, İFFHS-in 2021-ci il üçün ən yaxşıları sırasında Azərbaycanın iki təmsilçisi də var.
Bunlar “Qarabağ” və “Neftçi”dir. Konfrans Liqasında mübarizəni davam etdirən ağdamlılar ötən ilin ən yaxşı 105-ci komandası olub.
Aktivində 133 xal olan Qurban Qurbanovun kollektivi 2020-ci illə müqayisədə 42 pillə irəliləyib.
Son Azərbaycan çempionu “Neftçi” isə daha böyük sıçrayışa nail olub. Samir Abasovun komandası 280 pillə irəliləyib. Paytaxt təmsilçisi bir il əvvəl 543-cü idisə, bu dəfə 78,5 xalla 263-cü yerdə qərar tutub.
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” reytinqdə geriləyib. Fransa təmsilçisi 12 pillə geri addım ataraq, dünyanın 132-cisi olub.
Tarixdə ilk dəfə sıralamaya Braziliya klubu başçılıq edir. “Palmeyras” 322 xalla geridə qalan ilin ən reytinqli klubu olub.
Braziliyanın digər təmsilçisi “Atletiko Mineyro” isə 313 xalla onu izləyib. İlk “üçlüy”ü “Mançester Siti” (300 xal) qapayıb.
2020-ci ili zirvədə tamamlayan “Bavariya” bu dəfə 7-ci yerdə qərarlaşıb.