"Qarabağ" heç-heçəyə oynamayacaq" - PROQNOZ VERDİLƏR

16 May 2021 17:20 Araşdırma 1 572
"Qarabağ" heç-heçəyə oynamayacaq" - PROQNOZ VERDİLƏR

"Oyunun çox yaxşı alınacağına ümid edirəm. Fikrimcə, bu, mövsümün matçı olacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Premyer Liqada "Qarabağ" və "Neftçi"ı arasında keçiriləcək XXVIII tur matçı barədə danışarkən deyib.

Hər iki klubun formasını geyinmiş 39 yaşlı hücumçu komandaların şanslarını dəyərləndirib: "Neftçi"nin "Qarabağ"ın uzunmüddətli liderliyini dayandırmaq üçün yaxşı şansı var. Ümidvaram ki, "ağ-qaralar" çempion olacaq. Onların mövsüm ərzində bəzi görüşlərini izləmişəm. Pis çıxış etmirlər. Burayadək yaxşı gəliblər. Ona görə də şansdan yararlanmalıdırlar".

Serbiyalı forvard Ağdam təmsilçisinin də yaxşı komanda olduğunu sözlərinə əlavə edib: "Deməzdim ki, "Qarabağ"ın şansı yoxdur. Şanslar bərabərdir.

Bütün bu illər ərzində Ağdam komandası Azərbaycanı beynəlxalq arenada yaxşı təmsil edir. Amma "Neftçi" çempionluğa bu qədər yaxın olmayıb və şansından yararlanmalıdır.

Bundan ötrü "Qarabağ"ın müdafiə xəttinə yüksək pressinqlə təzyiq göstərməlidir. Son matçda baxımlı oyun, hücum futbolu görmək istəyirəm".

Cahangir Həsənzadə: "Kağız üzərində "Qarabağ"ın üstünlüyü var"

Hər iki komandanın sabiq qapıçısı Cahangir Həsənzadə bildirib ki, oyun haqqında qəti fikir söyləmək çox çətindir: "Sevindirici haldır ki, çempionluq son tura qədər həll edilməyib. Bu, həm futbolumuz, həm də hər iki kollektiv adına yaxşı haldır. Meydanda son saniyəyədək mübarizə görəcəyik. Kağız üzərində, sözsüz ki, "Qarabağ"ın üstünlüyü var. Təcrübə baxımdan və çempionluğu ardıcıl bir neçə dəfə yaşadıqları üçün şanslıdırlar. Psixoloji və fiziki üstünlük də Ağdam komandasının tərəfindədir".

Cahangir Həsənzadə

Cahangir Həsənzadə

Həsənzadə baş məşqçi amilinin də mühüm rol oynayacağını diqqətə çatdırıb: "Nəzərə almalıyıq ki, bu, sonuncu oyundur. 90 dəqiqənin nəticəsinə əsasən istənilən komanda qalib gələ bilər. Çempionatda bunun bariz nümunələrini gördük. "Qarabağ" özündən zəif komandaları böyük çətinliklə udurdu və ya onlarla görüşlərdə xal itirirdi. Eyni sözləri "Neftçi" haqqında da demək olar. Burada baş məşqçilər rolu ön plana çıxacaq. Kim öz futbolçularını təzyiqin altından çıxara bilsə, o da uğur qazanacaq".

AFFA-nın texniki direktoru "Hansı komandanın titula sahib olmasını istərdinz?" sualına belə cavab verib: "Mənim hazırkı statusum bunu deməyə imkan vermir. Mən "Neftçi" ilə çempion olmuşam, kubok qazanmışam, "Qarabağ"da da ölkə kubokuna yiyələnmişəm. Hər ikisi mənim üçün doğmadır. Seçim etmək istəməzdim. Çox istədiyim odur ki, 90-cı dəqiqəyə kimi həyacanı yaşayaq".

Həsənzadə 2005-ci ildə "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilmiş "qızıl oyun"u hazırkı görüşlə müqayisə edib: "Hər dövrün özünün böyük oyunları var. Xoşbəxt insanam ki, həmin oyunlarda iştirak etmişəm. Amma düşünürəm ki, son 6 ili nəzərə alsaq, bu da böyük oyunlardan biri hesab edilə bilər. "Qarabağ" və "Neftçi"nin istənilən matçı derbi adlandırılır. Amma nəticə baxımından əldə ediləcək və itiriləcək şeylər bu dəfəki qarşılaşmada daha çoxdur".

Tərlan Əhmədov: "Qarabağ" üçün iddialı rəqib yox idi"

Futbolçu karyerasında hər iki komandada çıxış etmiş Tərlan Əhmədov uzun illərdir çempionatda belə sonluğun olmadığını diqqətə çatdırıb: "Qarabağ" son mövsümlərdə 2 - 4 tur qalmış çempionluğu təmin edirdi. Artıq bu il demək olar ki, şanslar bərabərdir və intriqa artıb. Bəlkə də mövsüm ərzində hər ikisi çempionluğu daha əvvəl təmin etmək üçün fürsət qazanmışdı. Amma "Qarabağ" və "Neftçi"nin autsayderlərlə görüşlərdə xal itirmələri hər şeyi son oyuna saxladı. Şanslar bərabərdir. Kim az səhv edəcəksə, diqqətli olacaqsa və çempionluğu daha çox istəyəcəksə, qalib gələcək. İlk növbədə, soyuqqanlı olmalı və motivasiyanı yüksək tutmaq lazımdır".

Tərlan Əhmədov

Tərlan Əhmədov

Əhmədov "Neftçi"nin son illərdə artıq özünə gəldiyini xatırladıb: "Mən baş məşqçi olanda bürünc medal qazandıq. Ondan sonra isə ardıcıl iki dəfə gümüş medal əldə etdilər. Artıq çempionluğa oynayırlar. "Neftçi" bundan əvvəlki illərdə də çempion ola və məsələni həll edə bilərdi. Komanda "Qarabağ"la rəqabət apara bilmirdi və rəqib 7 il ardıcıl çempion oldu. Buna hegemonluq deməzdim. Sadəcə, rəqabət və Ağdam klubu üçün iddialı rəqib yox idi. "Neftçi"nin də ardıcıl qızıl medal qazandığı vaxtlar olub. Hər şeyin öz dövrü var".

Paytaxt təmsilçisinin sabiq baş məşqçi deyib ki, "Neftçi" bu şansı əldə verməməlidir: "7 ildən sonra çempionluğu qaytarmaq istəyirlərsə, bu şansdan istifadə olunmalıdır. Hər il belə şans olmur. Amma nəzərə almaq lazımdır ki, qarşı tərəfdəki son 7 ilin çempionu "Qarabağ"dır. Onların heyətindəki futbolçuların 70-80 faizi uzun müddətdir birlikdə oynayırlar. Asan olmayacaq. Hər iş çətindir. Komandalar çempionluq üçün əziyyət çəkməlidir".

Əhmədovun sözlərinə görə, hər iki baş məşqçinin öz strategiyası və taktikası var: "Son iki turda "Neftçi"nin daha çox müdafiədən oynadığını gördüm. "Sumqayıt"la matçda 1:0-dan sonra demək olar ki, hesabı qorumaq istədilər. "Qarabağ" isə 2:0 öndə olsa da, irəli atılırdı. Onlar hər zaman hücumda təzyiq göstərir. Mövsüm ərzində "Neftçi"nin müdafiəsində boşluqların olduğunu gördük. Hər iki komanda səhv edə bilər. Rəqib də bundan yararlanmalıdır. Meydanda taktika yox, futbolçuların istəyi, komandaların oyuna köklənməsi həlledici olacaq".

Ağasəlim Mircavadov: "Qarabağ" heç-heçəyə oynamayacaq"

Hər iki komandanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov yaxşı və keyfiyyətli qarşılaşma gözlədiyini deyib: "Neftçi"yə mütləq qələbə lazımdırsa, "Qarabağ"a heç-heçə də bəs edir. Burada baş məşqçilərin taktiki gedişləri önəmli rol oynayacaq. Kim rəqibi səhvlərə məcbur etsə, həmin kollektiv də qələbə qazanacaq. Mən özüm də qızıl oyunlarda olmuşam və qələbə qazanmışam. Bu, çox vacib oyundur. "Qarabağ" keyfiyyətli oyunçulara malikdir. "Neftçi" isə son matçlarda daha istəkli görünür. Bu amil də böyük rol oynayacaq".

Ağasəlim Mircavadov

Ağasəlim Mircavadov

74 yaşlı mütəxəssis belə matçlarda favoritin olmadığını sözlərinə əlavə edib: "Kim rəqibinin səhvindən yararlansa, qalib olacaq. Burada səhvsiz oynamaq lazımdır. Qol epizodlarını boşa vermək olmaz. "Qarabağ" son oyunlarda özünə gəlib, futbolçuları azad olublar və öz formalarını yığıblar. Ağdam klubu çoxlu qol epizodları yarada bilir və bundan da istifadə edir. Hər iki klub favoritdir. Qızıl oyunun mahiyyəti tamam başqadır. Amma burada bir məsələ var ki, heç-heçə "Qarabağ"ı çempion edəcək".

Mircavadov komandaların bir-birini yaxşı tanıdığını deyib: "Bu mövsüm 4-cü dəfə üz-üzə gələcəklər. Hansı oyunçunun nəyə qadir olduğu bilinir. İnanmıram ki, hansısa baş məşqçi taktiki yenilik etsin. Əsasən topla oynamağa üstünlük veriləcək və cinahlar həlledici rol oynayacaq".

Baş məşqçi "Qarabağ"ın heç-heçə üçün meydana çıxmayacağını söyləyib: "Heç-heçə onlara sərf edir, amma inanmıram ki, bu nəticəyə oynasınlar. Onlar bərabərlik üçün çıxış edən komanda deyil. Ümumiyyətlə, heç-heçədən ötrü meydana çıxmırlar. Hər iki komandanın heyətində lider futbolçuların oyunu da həlledici olacaq".

Qeyd edək ki, mayın 19-da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq. Hazırda Ağdam təmsilçisi 54 xalla birinci yerdədir. "Ağ-qaralar" rəqibindən bir xal az toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti