Qərbin 30 illik “Qarabağ planı” necə çökdü?

20 Aprel 2021 09:00 Araşdırma 1 040
Qərbin 30 illik “Qarabağ planı” necə çökdü?

Sportinfo.az xəbər verir ki, metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi ilə birlikdə hazırlanan layihənin bu dəfə ki, mövzusu “Azərbaycan və ATƏT-in Minsk Qrupu’’ adlanır.

Mövzu əsnasında Minsk qrupunun fəaliyyətinə Azərbaycanın ehtiyac duyub duymadığı ilə bağlı suallara aydınlıq gətirəcəyik. “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov bu səpkidə olan sualları cavablandırdı. Müsahibəni təqdim edirik:

- Samir bəy, ötən həftə Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri çərçivəsində ölkə başçısı, prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı bir neçə məsələyə toxundu. Necə düşünürsünüz bu müzakirə təsadüfi deyildi ki?

“13 aprel 2021-ci ildə Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başladı. Bu səfər çərçivəsində 14 aprel 2021-ci ildə prezident İlham Əliyev Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirdi. Həmin görüşdən sonra hər iki ölkə başçılarının birgə iştirakı ilə mətbuat konfransı keçirildi.

Bu mətbuat konfransında ölkə başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və həllinə toxunub. Ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olmuş ATƏT-in Mink Qrupunun fəaliyyətinə toxunaraq bildirdi ki, Azərbaycan 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaişəsində əsas vəsitəçi kimi fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanmasına dair hər hansı aktiv fəaliyyətini müşahidə etməyib. Ölkə başçısı qeyd edib ki, onların fəaliyyəti bizim üçün məlum deyil.

Təbii ki, ölkə başçısı İlham Əliyev ATƏT-in fəaliyyəti ilə bağlı məsələyə təsadüfən toxunmadı.

İlham Əliyev və Lukaşenko arasında qeyri-rəsmi görüş olub

Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı dediyi fikirlərin arxasında 30 illik səmərəsiz fəaliyyət dayanır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyət tarixinə qısaca nəzər salmaq məsələni bizim üçün daha aydın təsəvvür etməyə imkan verir. Əvvəla onu deyim ki, ATƏT-in Minsk Qrupu onun üçün yaradılmışdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün qısa zaman ərzində tərəflər arasında daha intensiv şəkildə işləsin və yekun həllə nail olsun”.

30 ilə yaxındır fəaliyyət göstərən Minsk Qrupu nə üçün yarandı və ümumiyyətlə münaqişənin həlli istiqamətində hansısa bir dövrdə aktivlik nümayiş etdirə bilibmi?

Minsk qrupu niyə ləğv olunmur? - Modern.Az Azərbaycan və dünya xəbərləri

“24 mart 1992-ci ildə ATƏT-in Minsk Qrupunun yaradılmasında əsas məqsəd məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasına hesablanmışdır. 5-6 dekabr 1994-cü ildə Macarstanın paytaxtı Budapeştdə keçrilən Zirvə toplantısında ATƏT-in Minsk Qrupu instutu təsis edildi. Minsk Qrupunun həmsədrlərinin əvvəlki formatı iki ölkədən ibarət idi.

ATƏT-in Minsk Qrupuna 1994-1995-ci illərdə Finlandiya və Rusiya, 1995-1996-cı illərdə isə İsveç və Rusiya həmsədrlik etmişdir. 1 yanvar 1997-ci ildən isə ATƏT-in Minsk Qrupuna ABŞ, Fransa və Rusiya başçılıq etməyə başladı. Təbii ki, bu illər ərzində həmsədrlər tərəfindən münqişənin həll edilməsi üçün müəyyən cəhdlər edilsə də, yekun nəticə əldə edilə bilməmişdir. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyət tarixinə nəzər salarkən burada əsas aktivliyin 1997-1998-ci illəri əhatə etdiyini demək olar. Daha sonra isə ATƏT-in Minsk Qrupunun fəaliyyəti sadəcə kağız üzərində qalmışdır’’.

- Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu bu illər ərzində nə ilə məşğul olmuşdur və onun fəaliyyətində Azərbaycan üçün hansısa müsbət dinamika qeydə alınmışdırmı?

6 saatlıq Cenevrə görüşü: İlk dəfə idi ki, Minsk Qrupu...

“Hesab edirəm ki, bu sualın cavabı hər kəs üçün aydındır. ATƏT-in Minsk Qrupunun fəaliyyəti sadəcə illik hesabatlar hazırlamaq, imkan olduqca münaqişə bölgəsində monitorinq aparmaq və bəzi mənasız bəyanatlar verməkdən ibarət olmuşdur.

Digər məsələ isə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bağlıdır. Həm ABŞ, həm Rusiya, həm də Fransada erməni lobbisinin güclü olması və onların həmin dövlətlərin siyasətinə təsir etmək imkanlarının güclü olması Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına və 27 sentyabr 2020-ci ilə qədərki mövcud olmuş status-kvonun qorunmasına şərait yaratmışdır.

27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi cəbhədə yenidən təxribatlar törətməyə başladı. Buna cavab olaraq Azərbaycan əks-həmlə əməliyyatına başladı. 44 gün ərzində davam edən müharibədə Azərbaycan işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsini erməni işğalçılarından azad edə bildi. Türkiyənin Dağlıq Qarabağ məsələsinin həll edilməsində Azərbaycana verdiyi dəstək nəticəsində Azərbaycan regionda siyasi vəziyyətin dəyişməsinə nail oldu’’.

- Samir bəy, artıq münaqişəni Azərbaycan güclü ordusu sayəsində həll edərək, işğal altında olan torpaqlarını azad etdi. Bundan sonra Minsk Qrupu Azərbaycana lazımdır?

Türkiyə-Azərbaycan birliyinin növbəti uğuru - İki sahil

“Məlumat üçün bildirim ki, II Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə ATƏT-in Minsk Qrupunun fəallaşması və yenidən atəşkəsə nail olması üçün müəyyən cəhdlər göstərdi, amma bu cəhdlər nəticə vermədi. Hətta ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın prezidenti Makron ölkə başçısı İlham Əliyevə zəng edərək hərbi əməliyyatların dayandırılmasını belə tələb etməsi Fransanın, ümumilikdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini açıq şəkildə göstərməyə imkan verir.

Nəhayət 17 dekabr 2020-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər etdi və Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşdülər. Ölkə başçısı həmsədrlərə açıq şəkildə bildirdi ki, onlar münaqişənin həll olunmasında heç bir aktivliyi ilə yadda qalmadılar və münaqişə artıq həll olunub. Ölkə başçısının fikirlərindən belə qənaətə gəlmək olar ki, ATƏT-in fəaliyyəti artıq Azərbaycan üçün əhəmiyyətsizdir. Ona görə ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz ordusunun gücü ilə nail oldu.

Artıq regionda yeni reallıq yaranıb və dünya da bu reallıqla barışmaq məcburiyyətindədir. Artıq regionda yeni və daha güclü aktyor var. Türkiyə artıq regionda əsas söz sahibinə çevrilib və münaqişənin həllində, eləcə də regionda sülhün qorunmasında əsas dövlətlərdən biri hesab edilir. Fikrimcə bundan sonrakı dövrdə Azərbaycan üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hansısa anlamı görünmür. Odur ki, ölkə başçısı cənab İlham Əliyevin də söylədiyi kimi Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb və hər kəs bu reallıqla hesablaşmalıdır’’.

Gülbəniz Hüseynli

Digər Xəbərlər
Xəbər Lenti