Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turniri start götürüb.
Sportinfo.az xəbər verir ki, Belarus, İspaniya və Finlandiya ilə birlikdə C qrupunda yer alan Azərbaycan yığması ilk oyununa çıxıb.
İtaliyalı Covanni Kapraranın çalışdırdığı komandamız Minskdə Belarus millisinin qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Yığmamız italiyalı baş məşqçinin rəhbərliyi altında ilk rəsmi görüşündə 2:3 hesabı ilə uduzub. Komandamız 2 dəfə hesabda geri düşdükdən sonra status-kvonu bərpa etsə də, tay-brekdə rəqib daha səhvsiz oynayıb.
Belaruslular təcrübə hesabına ilk turu qalib kimi bitiriblər. Nəticədə ev sahibləri 2, millimiz 1 xal qazanıb.
Komandamız Minskdəki oyunda 5 setdə ümumilikdə 64 xal toplamağı bacarıb. Millimizin heyətində ən məhsuldar oyunçu Anastasiya Bezsonova olub.
O, 15 dəfə rəqibi məyus edib. Marqarita Əzizova və Kseniya Pavlenko hərəyə 14 xal qazanıblar.
Ayşən Əbdüləzimovanın 12 xalı da məğlubiyyətdən qaçmaq üçün bəs etməyib. Nelli Salbşvili və Yana Əzimova isə 4 xalla kifayətləniblər.
Növbəti oyununu 2 gün sonra Bakıda keçirəcək komandamız Voleybol Mərkəzində İspaniyanı qəbul edəcək.
Belarus – Azərbaycan - 3:2 (25:13, 21:25, 25:10, 26:28, 19:17)
Hakimlər: Olqa Zakarova (Rusiya), Aleksandr Sudjyev (Belarus)
Minsk, "Çijovka Arena"

