Azərbaycanda keçmiş voleybolçu və məşqçi Ziya Rəcəbov tərəfindən voleybol üzrə idman akademiyası yaradılıb.
O deyib ki, 14 ay işsiz qalandan sonra bu qərara gəlib:
"Gördüm ki, normal təklif yoxdur, həm də federasiyada vəziyyət günü-gündən pisləşir, qərara gəldim ki, uşaq voleybol komandası yaradım.
Akademiya İdman Akademiyasında fəaliyyət göstərir. İstər oğlan, istərsə də 8-14 yaşlı qızlar akademiyaya dəvət olunur".
"Kimdə potensial varsa, çalışacağıq ki, üzə çıxaraq. Məqsədimiz voleybol üzrə milli komandamız üçün azərbaycanlı idmançılar yetişdirməkdir” - deyə məşqçi qeyd edib.
Sportinfo.az xatırladır ki, Ziya Rəcəbov 2015-2016-cı illərdə qadınlardan ibarət "Azəryol"da ilk öncə ikinci məşqçi, daha sonra isə baş məşqçi vəzifələrində çalışıb.
Eyni zamanda kişilərdən ibarət yığmanın da köməkçi məşqçisi vəzifəsini icra edib. 2017-ci ildə 4 ay "Neftçi" kişi voleybol klubunun baş məşqçisi olub. “Neftçi”dən ayrılandan sonra isə işsiz qalıb.

