Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Osaka şəhərində təşkil olunmuş qarşılaşma İtaliyanın asan qələbəsi ilə yekunlaşıb.
İlk setdə 12:25 hesabı ilə uduzan yığmamız yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib. Nəticədə set 19:25 hesabı ilə yekunlaşıb. Üçüncü set isə daha erkən yekunlaşıb - 10:25.
Kapitanımız Odina Bayramova rəqibi təbrik edib: "İtaliya yığması çox güclüdü. Mənə bu rəqibi yalnız təbrik etmək və gələcək oyunlarda uğurlar arzulamaq qalır".
Azərbaycan komandası oktyabrın 8-də Çinlə qarşılaşacaq. I mərhələdə İtaliya B qrupunu 15 xalla lider kimi, Azərbaycan isə C qrupunu 6 xalla dördüncü pillədə başa vurub.
Reqlamentə əsasən, 4 qrupda ilk 4 pilləni tutanlar II mərhələyə vəsiqə qazanıb. Burada isə ümumilikdə 16 komanda E və F qruplarına bölünüb. F qrupunda B və C qruplarında, E qrupunda A və D qruplarında ilk 4 yeri tutmuş yığmalar qərarlaşıblar.
Azərbaycan İtaliya və Çindən əlavə, B qrupunda 3-4-cü yerləri tutmuş komandalarla - oktyabrın 10-da Türkiyə, oktyabrın 11-də Bolqarıstanla qarşılaşacaq.
Komandaların əvvəlki mərhələdə topladıqları xallar saxlanılıb. Buna əsasən, hazırda turnir cədvəlində İtaliya 18 xalla 1-ci, ABŞ 16 xalla 2-ci, Rusiya 15 xalla 3-cü, Çin 12 xalla 4-cü, Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı, Azərbaycan və Bolqarıstan hərəyə 6 xalla 7-8-ci pillədədilər. E və F qruplarında ilk 6 yeri tutacaq komandalar III mərhələyə yüksələcəklər.

