“Çox sevinirik, növbəti mərhələyə yüksəlmək baxımından önəmli qələbə qazandıq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin məşqçisi Famil Ağayev Yaponiyada keçirilən dünya çempionatının IV turunda Trinidad və Tobaqoya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O bildirib ki, C qrupunda yer alan yığma oktybarın 4-də Tailandla son matçda da qələbə qazanmağa çalışacaq:
“Komanda şəkilində və səhvsiz oynadıq. Tailandla görüşdə də yaxşı oynamağa çalışacağıq. Çünki bizə qələbə və xal lazımdır. Ümid edirəm ki, qrupdakı son qarşılaşma da bizim üçün uğurlu olar”.
Bu qalibiyyət sayəsində xallarını 6-ya çatdıran yığma Tailandla 3-4-cü yerləri bölüşür. Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8 xalı var.
Son iki pillədə 1 xala malik Cənubi Koreya ilə hələ xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb. Turun digər oyunlarında Cənubi Koreya Rusiya ilə, ABŞ isə Tailandla qarşılaşacaq. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.

