Fatih Terimi özündən çıxaran QALMAQALLI OLAY

22 İyun 2020 13:26 Türkiyə 619
Fatih Terimi özündən çıxaran QALMAQALLI OLAY

Türkiyə Super Liqasında XXVIII turun "Qalatasaray" - "Qaziantep" matçının sonlarında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Okan Kocuk topu uzun müddət - 6 saniyədən çox əlində saxladığı üçün baş hakim Alper Ulusoy sərbəst zərbə təyin edib.

"Qaziantep" bundan sonra penalti qazanıb və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim qərarla bağlı bunları söyləyib:

"Bu qaydaya görə sonuncu dəfə nə vaxt sərbəst zərbə təyin edilib, bilmirəm. Maraqlıdır! Top qapıçımızın əlindədir, futbolçu onun üzərinə gəlir və narahat edir. VAR hakimi Cüneyt Çakır da oyunu içəridən izləyir. Artıq elə bir vəziyyətə gəlmişik ki, klubun açıqlama verərək hadisəni qınamasının da mənası yoxdur".

"BeIN Sports" kanalının hesablamasına əsasən, "Qalatasaray"ın qapıçısı Okan Kocuk təxminən 18 saniyə topu özündə saxlayıb.

6 saniyə qaydası 1998-ci ildə FIFA tərəfindən qəbul edilib. Məqsəd qapıçıların topu əllərində saxlayaraq vaxt keçirməsinin qarşısını almaqdır. Qolkiper 6 saniyə ərzində topu oyuna daxil etməsə, sərbəst zərbə təyin edilir.

Digər Xəbərlər
Xəbər Lenti