
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın vaxtından əvvəl əldə etdiyi Türkiyə Super Liqası çempionluğunu şərh edib.
“Cim-bom” 36-cı turda “Kayserispor” üzərində 3:0 hesablı qələbə ilə çempionluğu təmin edib.
Xüsusilə diqqət çəkən məqamlardan biri komandanın qapıçısı Fernando Musleranın penalti zərbəsini yerinə yetirməsi olub. Bu, həm matçın üçüncü qolu, həm də ehtimal ki, Musleranın klubdakı son məhsuldar toxunuşu kimi tarixə düşüb.
Sportinfo.az xəbər verir ki, Mourinyo bu hadisə ilə bağlı “Hürriyet” nəşrinə açıqlamasında bunları deyib:
“Komandanın çempionluğu necə qeyd etməsi onun daxili vəziyyəti haqqında çox şey deyir. Azarkeşlər bir yana, amma klubun özü hərəkətləri ilə öz simasını göstərir.
2:0 hesabı ilə öndə olduqları anda qapıçılarına penalti vurmaq imkanı vermələri onların insanlıq səviyyəsini əla şəkildə nümayiş etdirdi. Bu, onların mövsümboyu göstərdiyi münasibətin əksidir”.
2011-ci ildən “Qalatasaray”ın formasını geyinən Muslera mövsümün sonunda klubdan ayrılacaq.