Türkiyə çempionu 4 yeni transferi birdən açıqladı

17 İyun 2022 01:30 Türkiyə 1 049
Türkiyə çempionu 4 yeni transferi birdən açıqladı

“Trabzonspor” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Trabzon təmsilçisi Niderlanddan olan Stefano Densvil, Danimarkadan olan sağ cinah müdafiəçisi Yens Larsen, həmçinin Eren Elmalı və yarımmüdafiəçi Doğucan Haspolatı heyətinə qatıb.

Futbolçuların dördü ilə də razılıq əldə olunduğunu açıqlayan klub, onların tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağını bəyan edib.

Stefano Densvil “Ayaks”ın yetirməsidir. Peşəkar karyerasına da bu komandada başlamış 29 yaşlı futbolçu, daha sonra “Brügge” və “Bolonya”da çıxış edib. Mərkəz müdafiəçisi ötən il icarə əsasında “Trabzonspor”da da forma geyinib.

Yens Larsen peşəkar karyerasına “Bröndbü”də başlayıb. 31 yaşlı futbolçu daha sonra “Nordsyelland”, “Austriya” (Vyana) və “Udineze”də forma geyinib.

2017-ci ildən İtaliya klubunun formasını geyinən futbolçu bu klubdan azad agent kimi ayrılıb. O, Danimarka yığmasında meydana çıxdığı 49 oyunda 3 qol vurub.

Eren Elmalı 2019-cu ildən “Kasımpaşa”nın əsas komandasında oynamağa başlayıb. 21 yaşlı futbolçu Türkiyənin əsas millisində də 2 oyun keçirib.

Doğucan Haspolat Niderlandda dünyaya göz açıb və peşəkar karyerasına da bu ölkənin “Ekselsior” klubunda başlayıb. 22 yaşlı futbolçu 2020-ci ildən “Kasımpaşa”da çıxış edirdi.

“Trabzonspor” öz futbolçularından Antoni Nvakaeme ilə də yollarını ayırıb. Bu barədə nigeriyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb. O, klubdakı hər kəslə, eləcə də azarkeşlərlə vidalaşıb.

33 yaşlı vinger 2018-ci ildən “Trabzonspor”da çıxış edirdi. Geridə qalan mövsümdə Trabzon klubunun Türkiyə çempionu olmasında böyük pay sahiblərindən biri olan təcrübəli futbolçu, bu komandada bütövlükdə 145 oyun keçirib, 47 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti