TOKİO-2020: Azərbaycan üçün həlledici gün

5 Avqust 2021 19:20 Tokio-2020 1 012
TOKİO-2020: Azərbaycan üçün həlledici gün

Sabah - avqustun 6-sı Azərbaycan olimpiyaçıları üçün Tokio-2020-də ən vacib, həlledici gün olacaq.

Belə ki, karateçi İrina Zaretska istisna olmaqla qalan bütün medal ümidlərimiz mübarizəyə qoşulacaq.

Karate üzrə beşqat dünya, 11 dəfə isə Avropa çempionluğu qazanmış Rafael Ağayevin minimum bürünc medal alacağına əksəriyyət şübhə etmir. Amma bu, ən pis halda ümid etdiyimizdir.

Rafael özü də Tokioda yalnız olimpiya çempionluğu üçün döyüşəcəyini dəfələrlə açıqlayıb. 75 kq çəki dərəcəsində karatenin kumite növündə çıxış edəcək Ağayev püşkə əsasən B qrupunda yer alıb.

Onun rəqibləri yaxşı tanıdığı, əvvəllər dəfələrlə qarşılaşdığı ikiqat dünya, beşqat Avropa çempionu Luici Busa (İtaliya), həmçinin Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovdur (Qazaxıstan).

Ağayev ilk döyüşünü Almaniya karateçisinə, qrupda son görüşünü isə əsasə rəqibi Luici Busaya qarşı keçirəcək. Kumite döyüşlərinə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Hər qrupda ilk 2 yerin sahibi yarımfinala çıxmaqla minimum bürünc medalı da özü üçün təmin edəcək.

Sərbəst güləş komandamızın isə son 3 üzvü xalça üzərinə çıxacaq. Karyerasının sonuncu olimpiadasına gələn qadın güləşinin canlı əfsanəsi Mariya Stadnikin (50 kq) yeganə hədəfi çempionluqdur. Medal kolleksiyasında çatmayan yeganə medal da məhz olimpiya qızılıdır.

İki Olimpiya Oyunlarının gümüş (London-2012 və Rio-2016), birinin isə bürünc medallarını (Pekin-2008) qazanan ikiqat dünya, 8 qat Avropa çempionumuza inam hədsizdir. O, ilk görüşünü 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşa qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

Azərbaycanın sərbəst güləş üzrə yeganə üçqat dünya çempionu Hacı Əliyevin (65 kq) ilk rəqibi elə də çətin sayılmamalıdır. Güləşçimizin Adam Diata (Seneqal) ilə görüşü Bakı vaxtı ilə təxminən 6:30-7:00 aralığında keçiriləcək.

Olimpiya çempionumuz Şərif Şərifovun (97 kq) isə püşkdə bəxti gətirməyib. Püşk elə ilk görüşdə Şərifin qarşısına 4 dəfə dünya, eyni sayda Avropa çempionluğu qazanmış, Rio Olimpiadasının qalibi Abdulraşid Sadullayevi (Rusiya) çıxarıb.

Şərif isə Sadullayevə indiyədək qalib gələ bilməyib. Riodakı son Olimpiya Oyunlarında güləşçimiz yarımfinalda məhz Sadullayevə uduzaraq finaldan kənarda qalmışdı.

Əgər Şərif indiyədək qalib gələ bilmədiyi Sadullayevə bu dəfə məğlub edərsə, final yolundakı əsas maneələrdən birini aradan qaldırmış olacaq. Digər tərəfdən Şərif uduzarsa, Sadullayevin finala çıxmaq ehtimalı böyük olduğundan güləşçimiz təsəlliverici görüşlərə qatılıb bürünc medal uğrunda mübarizə şansı qazanacaq.

Şərifin Rusiya pəhləvanı ilə görüşü Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

Bu idmançılardan başqa sabah bədii gimnastımız Zöhrə Ağamirova da olimpiadada çıxış edəcək. Amma onun mükafatçılar sırasına düşmək şansı çox az olduğundan medal üçün əsas ümid Rafael, Hacı, Şərif və Mariyayadır. Görək, Azərbaycan idmanı olimpiadanın həlledici imtahanından necə çıxacaq?

İndiyədək Tokio-2020-də 33 idmançımız çıxşını başa vurub. İdmançılarımızdan İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks) və Rafiq Hüseynov (yunan-roma güləşi) bürünc medal qazanıb. Bu göstərici ilə Azərbaycan hazırda medal sıralamasında 77-ci yerdə qərarlaşıb.

İlkin Fikrətoğlu

Xəbər Lenti