“Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb

3 İyul 2020 20:40 Sumqayıt 921
“Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb

Ölkənin futbol məbədlərindən biri sayılan, Azərbaycan futboluna onlarla adından söz etdirən futbolçu bəxş edən Sumqayıt təmsilçisinin 70 illik şəhər tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandığından xəbərdarsız.

Sportinfo.az xəbər verir ki, qitəmiqyaslı turnirdə debüt edəcək “Sumqayıt”ın beynəlxalq arenada necə təsir bağışlayacağı hamı tərəfindən maraqla gözlənilir.

“Kimyaçılar”ın Avropa Liqasına vəsiqə qazanması onsuz da ölkənin futbol camiəsində birmənalı qarşılanmadı. İcraiyyə Komitəsinin məlum qərarı açıqlanınca, çoxları çempionatın qalan 8 turu keçiriləcəyi halda “ağ-göylər”in “avrokubok zonası”ndan kənarda qalacağını bildirdi.

Ancaq bu fikirlə nə klub rəhbərliyi, nə də “Sumqayıt”ın şərəfini qoruyan futbolçular razılaşdı. Qəzetimizə açıqlama verən oyunçular “biz bu vəsiqəni haqq etmişik” deyib, komandanın Avropaya yollanmasına ironiya ilə yanaşanlara etirazlarını bildirdilər.

Ancaq bugünkü realllıq ondan xəbər verir ki, sponsorluq edən dövlət şirkəti komandanın qitəmiqyaslı turnirə yollanmasını istəmir və ya dəqiq desək, bunu planlaşdırmamışdı. Niyə? Tələsməyin, bunu aşağıda faktlarla göstərməyə çalışacağıq (Futbol+).

Aparıcı oyunçuların klubu tərk etməsi
Yuxarıda qeyd etdiyimiz kimi, Sumqayıt ölkənin futbol bölgələrindən biridi. Bu şəhər uzun illər istedadlı futbolçuları ilə seçilib ki, onlar istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində adından söz etdirib. İstedad bolluğuna baxmayaraq, təəssüflə qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi heç vaxt Azərbaycanı beynəlxalq arenada təmsil etmək imkanı qazanmayıb. 1992-93-cü illərdə “Xəzər” gümüş medallara sahib çıxsa da, həmin vaxt Azərbaycan UEFA üzvü olmadığından Sabir Əliyevin çalışdırdığı komandanın avrokuboklara yolu bağlanıb. Uzun illərdən sonra, nəhayət, bu il “kimyaçılar” qitə arenasına vəsiqə qazanmağı bacardı. Bu vəsiqə ötən il 70 illiyini qeyd edən şəhərə, onun futbolsevərlərinə ən böyük hədiyyə idi. Ancaq... Komandanın Avropa Liqasına vəsiqə qazanması məlum olunca, sumqayıtlılar çox sevindilər, pandemiya dönəmi olmasına baxmayaraq, tarixi olaya görə papaqlarını göyə atdılar. Cavanlar bir tərəfə, yaşlı və orta nəslin nümayəndələri olan azarkeşlər “ölmədik, bu günü də gördük” deyib, komandanın uğuruna görə bir-birini təbrik etdilər. Və düşündülər ki, yarandığı gündən “təcrübə dovşanı” kimi tanınan komanda, nəhayət, ölkənin futbol ailəsinin həqiqi və ciddi üzvi kimi qəbul olunacaq, heyət daha da güclənəcək. Ancaq proseslərin axarı onu göstərir ki, sumqayıtlıların gözləntiləri doğrulmur, tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək komanda nəinki heyətini gücləndirmək yolunu tutub, əksinə, şəhər əhlinə bu sevinci yaşadan kollektivin aparıcı üzvləri düşərgəni bir-bir tərk etməyə qərar veriblər. Müdafiənin əsas simalarından biri olan Şəhriyar Əliyevin “Keşlə”yə üz tutması, yarımmüdafiəçi Əmir Ağayevin komandadan ayrılması, hücumçu Mehdi Şərifinin “ağ-göylər”lə anlaşmanı pozması artıq sumqayıtlılarda komandaya inamsızlıq yaradıb. Onların narazılığını da başa düşmək olar. Avrokuboklarda debüt edən, futbol ənənəsi olan şəhərin təmsilçisinin heyətini daha da gücləndirəcəyini gözləyən futbolsevərlər real durumu nəzərə alıb üzülürlər və artıq rəhbərliyin “əvvəlkindən də güclü olacağıq” fikrinə ironiya ilə yanaşırlar.

Büdcə və “Azərikimya”nın etinasızlığı
Bugünlərdə ölkənin iqtisadiyyatdan yazan mətbu orqanlarında neftin qiymətinin aşağı düşməsi fonunda “Azərikimya”nın balansında olan müəssislərin xeyirlə işlədiyi, ölkəyə valyuta gətirdiyi haqda yazılar dərc olundu. Tanınmış iqtisadçılar bu barədə fikirlərini bildirib, SOCAR-ın tabeliyində olan “Azərikimya”nın qazancla işləyən şirkətlərdən biri olduğunu bildirdilər. “Sumqayıt”ın əsas himayədarının “Azərikimya” olduğunu nəzərə alsaq, beynəlxalq arenada debüt edən komandanın işlərinin rəvan gedəcəyini, avrokuboklarda daha yaxşı nəticə qazanılması üçün büdcəni artıracağını düşünmək olardı. Ancaq əldə etdiyimiz məlumata görə, “ağ-göylər”in himayədarı olan şirkətin rəhbəri İmran Arzumanzadəyə şəhər təmsilçisinin hansı uğura imza atması, tarixdə ilk dəfə beynəlxalq arenaya çıxması o qədər də maraqlı deyil. Kluba və şirkətə yaxın olan mənbəmizin sözlərinə inansaq, klubun prezidenti Riad Rəfiyev dünənə qədər 3 dəfə Arzumanzadənin qəbulunda olub və Avropa Liqasında çıxış edəcək klubun büdcəsinin bir qədər artırılmasını xahiş edib. Ancaq İmran bəy bu 3 görüşün heç birində klub prezidentinə ümidverici söz deməyib, əksinə, pandemiya ilə bağlı ölkədəki durumu nümunə göstərərək yeni mövsüm üçün kluba ayrılacaq vəsaitin azalacağını bildirib.

“Başsız atlı”nı Avropa Liqasında nə gözləyir?
“Sumqayıt”ın Avropa liqasına gedəcəyi dəqiqdi. Ancaq necə və hansı futbolçularla? Bu gün şəhərin futbol camiəsini bu sual çox düşündürür. “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanmasında baş məşqçi Ayxan Abbasovun müstəsna xidməti var ki, bunu həm sumqayıtlılar, həm də futbol ictimaiyyəti çox gözəl bilir. Məhz Abbasov məhdud büdcəylə bu kollektivi klub tarixində ilk dəfə ölkə kubokunun finalına daşımışdı, bu il isə qitə arenasına. Buna baxmayaraq, hələ də klub rəhbərliyi Ayxan bəylə yeni müqavilə bağlamayıb. Abbasovun adı bu gün müxtəlif klublar, ən çox da baş məşqçisiz qalan “Zirə” ilə yanaşı çəkilir. “Sumqayıt”ın indiki mərhələyə çatmasında Ayxan bəyin zəhməti böyükdü. Və bunu hamı bilir. “Kimyaçılar”la müqavilə müddəti bitən, bir çox klublardan təklif alıb ancaq hələ də cavab verməyən futbolçuların səssiz qalmasının səbəbkarı da baş məqşçidi. Hamı Abbasovdan işarə gözləyir. Ayxan bəy sabah hansısa kluba getsə, “ağ-göylər” heyət baxımından “yarpaq tökümü”nə məruz qalacaq. Yerli və kənardan dəvət olunan futbolçular məhz 38 yaşlı mütəxəssisə görə hələ ki kənardan gələn təklifləri dəyərləndirmirlər. Abbasov sabah “gənclik şəhəri” təmsilçisi ilə yolları ayırsa və yeni kluba yollansa, “Sumqayıt” Avroliqaya gənc və təcrübəsiz oyunçularla qatılacaq ki, bu da xoş gələcək vəd etmir.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!