"Sabah" haqda: "Səbirli olmaq, indiki vəziyyətdən çıxış yolu axtarmaq lazımdır"

8 Noyabr 2020 14:40 Sabah 395
"Sabah" haqda: "Səbirli olmaq, indiki vəziyyətdən çıxış yolu axtarmaq lazımdır"

Ölkə çempionatının cari mövsümündə gözlənilməz nəticələrlə yadda qalan komandalardan biri, bəlkə də elə birincisi "Sabah"dır.

Sportinfo.az xəbər verir ki, iddialı heyəti, əcnəbi baş məşqçisi olsa da, komanda heç cür ümidləri doğrultmur.

Halbuki mövsüm başlamamış çoxları komandanın iddialı olacağını deyir, “tələbələr”i medallara iddialılardan sayırdı. Bəs görəsən, total uğursuzluğun səbəbləri nədi? Mövcud durumdan çıxış yolları varmı?

Vaqif Sadıqov: "Məncə, biz anlamalıyıq ki, hər işdə səbirli olmaq lazımdı. Komanda ən böyük hədəflər üçün dəvət olunan futbolçulardan qurulub. "Sabah" öz səviyyəsi ilə çempionatı bəzəyə biləcək komandadı. Səbəblər çox və müxtəlif ola bilər, amma Azərbaycan futboluna tanış olmayan bir çox mütəxəssis bu problemlə qarşılaşıb. Səbirli olmaq, indiki vəziyyətdən çıxış yolu axtarmaq lazımdı. Düşünürəm ki, Visento Qomes "Sabah"ı istənilən səviyyəyə çatdıracaq. Heyətə baxsaq, görərik ki, komandada bu potensial var. Kənardan baxan məşqçi kimi onu deyə bilərəm ki, baş məşqçi "Sabah" müasir futbolun tələblərinə cavab verən səviyyədə oyun sərgiləməsinə çalışır. Amma təəssüf ki, bu hələ alınmır. Həm də qeyd etməliyəm ki, nəticə birdən-birə qazanılmır. Vaxtilə Rusiyada çalışarkən bu kimi hallarla rastlaşırdım. Həmin vaxt orda adını çəkmək istəmədiyim bir klub uğursuz çıxış edirdi. Prezidentdən bu uğursuz nəticələrlə bağlı fikirlərini soruşdular. O, bildirdi ki, biz məşqçiyə işinə görə qiymət veririk, nəticəyə görə yox. İş yaxşı olarsa, nəticə də gec-tez gələcək. İndi Qomesin işi "Sabah" rəhbərliyini qane edirsə, nəticə mütləq olacaq. İnanıram ki, "Sabah" sona qədər mübarizə aparacaq, çempionatda rəqabəti artıracaq".

Novruz Əzimov: "Sizlə razıyam ki, "Sabah"ın güclü heyəti var, səviyyəli futbolçulardan ibarət komandadı. Yaxşı transferlər etdilər. Bu barədə müzakirələr gedirdi ki, problem məşqçilər heyətindədi, yoxsa klubun idarə heyətində. Düşünürəm ki, uğursuz çıxışın səbəblərini məşqçilər heyətində axtarmalıyıq. Düzdü, bunu etmək etik baxımdan o qədər də düzgün deyil, ancaq bildiyimə görə, rəhbərlik məşqçilərə hər cür şərait yaradıb. Komanda qeyri-sabit çıxış edirsə, sabit heyət yoxdusa, deməli, problem məşqçidədi. Hər oyun heyətdə çoxlu dəyişikliklər edirlər, sözsüz, bu da öz təsirini göstərir. Komandanın içində deyilik, hər şeyi dəqiq bilmirik. Bu kimi uğursuz seriyalar hər komandada olur, amma 8 oyunun altısında uduzmaq artıq həyəcan siqnalıdı".

Arif Əsədov: "Məşqçi yeni olsaydı, komandanı təzə formalaşdırdığını deyib, mövcud vəziyyəti başa düşmək olardı, amma hazırkı baş məşqçi artıq neçə aydı klubdadı. Məhz o komandayla hazırlıq keçib, futbolçuları dəvət edib. Komandanın içində olmadığımız üçün nəsə deyə bilmərik, amma "Sabah"da qlobal problemin olduğu hiss olunur. Bir var bir oyun qalib gəlib, sonra bir neçə oyun uğursuz çıxış edirsən, burda demək olar ki, qeyri-sabit çıxış edir, hələ formalaşma dövründədi. Amma komanda qalib gələ bilmirsə, bu artıq başqa məsələdi. Bu, komandanın daxilində problemin olduğunu göstərir. Çıxış yolu həmişə var. Bəzən olur ki, komanda uzun müddət sonra bir oyunda qələbə qazananda vəziyyət düzəlir, uğurlu çıxış etməyə başlayır. Bəlkə "Sabah"ın da belə bir qələbəyə ehtiyacı var. Bununla da komandaya inam qayıda bilər, çünki inamsızlıq da hiss olunur" (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti