"Komandanı bu vəziyyətdə görmək mənim üçün ağırdır"

6 Noyabr 2020 12:40 Sabah 589
"Komandanı bu vəziyyətdə görmək mənim üçün ağırdır"

Geridə qalan 8 turun ən uğursuz komandası, heç şübhəsiz, “Sabah”dır.

Sportinfo.az xəbər verir ki, mövsümlərarası fasilədə Visente Qomesi “sükan arxasına” dəvət edən klub rəhbərliyi heyəti də yetərincə gücləndirməklə yadda qaldı.

Ancaq təəssüflə qeyd etmək lazımdı ki, “tələbələr” verdikləri 8 “imtahan”ın yalnız ikisindən gülərüz çıxıblar. Qalan 6-sı boşa verilib. “Sabah”da nə baş verir, niyə güclü maliyyə dayaqlarına malik, təcrübəli yerli və əcnəbi futbolçulardan formalaşan komanda “qara zolaqdan çıxa” bilmir?

Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün kapitan Ruslan Abışovla danışmağı lazım bildik.

- “Sabah”da nə baş verir, niyə çempionatın əvvəlində adı iddialılar sırasında çəkilən klub bu gün son pillədə qərarlaşıb?
- Sıralanan məğlubiyyətin səbəbini özümüz də bilmirik. Məşqlərimiz normal qaydada davam edir, kollektiv olaraq işimizə tələb olunan peşəkar qaydada yanaşırıq. Yəni xüsusi olaraq “məhz bu səbəbdən uduzuruq” deyə biləcəyim bir şey yoxdu. Ancaq uğursuzluğa səbəb olan nəsə var ki, bu gün son pillədəyik. Bu “nəsə”ni də yəqin baş məşqçi tapmalıdı.

- Hər halda, sənin də bir təcrübəli futbolçu kimi yaşananlara öz münasibətin olmamış deyil…
- Məncə, bizim premyer-liqa kənardan göründüyü qədər də asan birincilik deyil. Con Toşak, Bülənt Korkmaz, Vinfrid Şefer kimi tanınmış mütəxəssislər bizim çempionatda çox çətinliklərlə üzləşdilər. Fikimcə, Visente Qomesə də uyğunlaşmaq üçün vaxt lazımdı.

- Daha nə qədər vaxt lazımdı? Artıq 8 tur geridə qalıb və bu müddətdə premyer-liqada mübarizə aparan bütün komandalarla üz-üzə gəlmisiz. Mövsümün əvvəlində ilk “üçlüy”ə namizəd göstərilən komanda bu gün turnir cədvəlinin sonuncu pilləsindədi.
- Bir kapitan kimi mənim üçün də komandanı sonuncu pillədə görmək ağırdı. Əlimdən gələni edirəm ki, komanda yoldaşlarıma yardım edim. Özünüz də bilirsiz ki, bu günə kimi oynadığım komandaların heç biri nəinki turnir cədvəlində sonuncu olub, heç autsayderlər arasında yer almayıb. Bu üzdən mənim üçün də çətindi. Ancaq inanıram ki, tezliklə “qara zolaqdan çıxmağı” bacaracağıq.

- Bir ara zədəli olduğuna görə yaşıl meydanlardan kənar qalmışdın. İndi kollektiv məşqlərdə iştirak edirsən, adın oyunun protokoluna salınır. Buna baxmayaraq, hələ də əsas heyətdə görünmürsən. Səbəbini bilmək istərdik.
- Bəli, müəyyən vaxt zədəli olduğum üçün oynamırdım. Ancaq indi özümü yaxşı hiss edirəm və hər an meydana çıxmağa hazıram. Yenə deyirəm, komandanı bu vəziyyətdə görmək mənim üçün də ağırdı. Özümü döyüşə getmək istəyən, ancaq hələ səfərbərliyə cəlb olunmayan zabit kimi hiss edirəm. Döyüşmək qabiliyyəti olan əsgər səngərdən kənarda qalanda özünü necə pis hiss edirsə, mən də o vəziyyətdəyəm.

- Bəs bununla bağlı baş məşqçi ilə söhbət etmisən?
- Visente Qomeslə münasibətimiz yaxşıdı. Özü ilə də söhbətimiz olub. Mənə deyib ki, zədəli olduğun üçün Qəbələdəki təlim-məşq toplanışını buraxdığından bu gün əsas heyətdən kənarda qalmısan. Səbirli olmağımı istəyir. Bir də bu gün əsas heyətdə kimlərin olması vacib deyil. Əsas odu, komanda uğur qazansın, ümidləri doğruldaq.

- Artıq ikinci dəfədi Qomes “futbolçular və rəhbərlik məni istəmirsə, danışıb klubdan ayrıla bilərəm” deyir. Mənə elə gəlir, ispan mütəxəssis özü də bilir ki, “Sabah”da uğur qazana bilməyəcək və klubdan ayrılmaq istəyir. Ancaq rəhbərlikdən təzminat umur.
- Futbolçularla baş məşqçinin münasibəti normaldı. Komanda daxilində səmimi ab-hava var, nə futbolçular məşqçiyə narazılığını bildirib, nə də Qomes kimisə gözüm-çıxdıya salıb. Uğursuz çıxışa görə rəhbərliyin baş məşqçiyə irad bildirib-bildirməməsindən isə xəbərim yoxdu.

- 8 oyunun altısında meydanı məğlub tərk edən komandanın üzvləri ilə rəhbərlik arasında görüş olub?
- Hələ olmayıb, ancaq bu yaxınlarda toplantı olacağı gözlənilir. 9-cu tudan sonra yığmaların oyunlarına görə premyer-liqada fasilə olacaq. Yəqin həmin fasilədən maksimum yararlanıb, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaraq, istədiyimiz xalları qazana biləcəyik.

- Yığmadan söz düşmüşkən, artıq neçə vaxtdı ölkənin əsas komandasına da dəvət almırsan…
- Zədə səbəbindən oynamırdım. Klubunda meydana çıxmayan futbolçunun yığmaya dəvət almaması normaldı. Ancaq indi vəziyyət yaxşılığa doğru dəyişib. Zədəm sağalıb, əsas heyətə dönüb, formamı tam bərpa etdikdən sonra yığmaya da çağırılacağıma inanıram.

- Cari mövsümlə bağlı fikirlərini də bilmək maraqlı olardı. “Sümqayıt”ın liderliyi sənə təəccüblü görünmür?
- Arada ölkə xaricinə yollandığımı nəzərə almasaq, 2005/06 mövsümündən premyer-liqadayam. Tam səmimi deyirəm, builki kimi maraqlı çempionat olmayıb. Səbəbini bilmirəm, ancaq onu deyə bilərəm ki, çox gərgin mübarizəyə şahidlik edirik. Bu il heç bir oyunda hansı komandanın favorit olduğunu əvvəlcədən söyləmək olmur. “Sumqayıt”ın liderliyinə gəlincə, Ayxan Abbasovun komandasının ilk pillədə olmasına heç də təəccüblənmirəm. Onlar layiqli oyunla bu gün üçün haqq etdikləri yerdədilər. Qarşıdakı oyunlarda da “Sumqayıt”a uğurlar arzulayıram (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti