Təmkin Xəlilzadə: "Kişilikləri çatsaydı, bizim kimi döyüşərdilər"

6 Oktyabr 2020 15:04 Sabah 608
Təmkin Xəlilzadə: "Kişilikləri çatsaydı, bizim kimi döyüşərdilər"

Sportinfo.az Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin müsahibəsini təqdim edir:

- Cəbhədə baş verən hadisələrin fonunda hazırda millidə əhval-ruhiyyə necədir?

- Açığı, ölkədəki vəziyyət hamını stres, həyəcan içində saxlayır. Bütün fikrimiz cəbhədə əsgərlərimizin yanındadır. Əlimizdən heç nə gəlmir, bütün günü onlar üçün dua edirik. Yalnız saytlar, telekanallar vasitəsilə məlumat alırıq, Ali Baş Komandanın müsahibələrini oxuyub sevinirik. Əsgərlərin hamısını öpür, bağrıma basıram. Hər biri ayrı-ayrılıqda qəhrəmandır. Onları dünyaya gətirən anaların əlindən öpürəm ki, belə qəhrəmanlar yetişdiriblər. Hər dəfə gözəl xəbərləri oxuyanda gözlərimiz dolur. İnanırıq ki, çox az qalıb. Tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Siz necə işləyirsinizsə, biz də məcburi şəkildə işimizə davam edirik. Çünki ürəyimizin bir hissəsi, bütün fikrimiz cəbhədədir.

- Yəqin ki, torpaqlarımızın işğaldan azad olunması xəbərləri milli üzvlərində motivasiyanı yüksəldir...

- Əlbəttə. İstər yemək, istər məşq, istərsə də iclas zamanı tez bir-birimizə xəbər veririk ki, filan kəndi aldıq, Cəbrayıl işğaldan azad olundu. Doğrudan da hamı sevinir. Ən xırda xəbər belə, bizə dünyaları bəxş edir. Çoxdandır bu cür ürəkdən sevinmirdik. Şükürlər olsun ki, Ali Baş Komandan torpaqlarımızın azad edilməsi ilə bağlı əmr verdi. Düzdür, şəhidlərimiz də var. Allah hamısına rəhmət eləsin, ailələrinə səbr diləyirəm. Vətən uğrunda ölmək böyük şərəfdir.

- Necə düşünürsünüz: hazırkı milli ruh UEFA Millətlər Liqasının Monteneqro və Kiprlə oyunlarında futbolçular üçün əlavə stimul ola bilərmi? Məsələn, "Qarabağ" çətin dönəmdə səfərdə Polşa "Legiya"sını məğlub edib Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı...

- "Qarabağ"ın oyununu hamımız izlədik. Baş məşqçi Qurban Qurbanov komandaya çox gözəl motivasiya vermişdi. Matça ciddi hazırlaşmışdılar. Mənə elə gəlir ki, həmin oyunda heç motivasiyaya ehtiyac da yox idi. Futbolçular özləri hər şeyi dərk edirdilər. Onların qələbəsi ölkə üçün əlavə stimul oldu, xalqımız sevindi. Milliyə gəlincə, biz də məsuliyyəti dərk edirik. Xalqımızı yaxşı oyun və 3 xalla sevindirmək istəyirik.

- Millinin baş məşqçisi Canni De Byazi də cəbhədə baş verənlərdən xəbərdardır və bu barədə İTV-yə müsahibəsində danışıb. Maraqlıdır, italiyalı mütəxəssis futbolçularla söhbətində bu məsələyə toxunurmu və sizə hansı formada motivasiya verir?

- Bir araya gəldiyimiz ilk gün dedi ki, baş verən hadisələrdən xəbərim var. Hətta müsahibəsində də deyib ki, erməniləri başa düşə bilmirəm, onlar mülki əhaliyə atəş açır. Bizimlə söhbətində isə Azərbaycan üçün ən yaxşısını arzuladığını söylədi. Əcnəbi məşqçilər də başa düşürlər ki, ermənilər necə şərəfsizlik edirlər. Bizim əsgərlər kimi müharibə meydanında döyüşmək əvəzinə silahsız əhalini hədəf seçirlər. De Byazi belə bir anda bizi ancaq qələbəyə hazırlayır ki, xalqımızı sevindirə bilək.

- Azərbaycan yığması Millətlər Liqasında əvvəlcə Monteneqro seçməsi ilə qarşılaşacaq. Rəqib hazırda qrup lideridir. Bu amili nəzərə alsaq, qarşılaşmadan nə gözləmək olar?

- Artıq 2-3 gündür bir yerdəyik. Hər gün baş məşqçimiz qısa da olsa, Monteneqro yığması barədə bizə məlumat verir. Rəqibin həm zəif, həm də güclü tərəflərini bizə göstərir. Çox yaxşı komandaya, qrupun aşkar favoritinə qarşı oynayacağıq. Buna baxmayaraq, meydana uduzmaq üçün çıxmayacağıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq.

- Rəqibin zəif və güclü tərəfləri hansılardır?

- Bu, artıq bizim özümüzə qalsın (gülür - E.S.). Oyundan sonra bu barədə danışarıq. Baş məşqçi özü bizə hər şeyi yetərincə izah edib göstərir. Vaxt azalır, oyuna ciddi hazırlaşırıq. Səfərə qələbə dalınca gedəcəyik.

- Kiprlə matçın neytral meydanda keçirilməsi gündəmdədir. Bu, yığmanın çıxışına nə dərəcədə təsir göstərə bilər?

- Oyunun neytral meydana salınması bizim üçün yaxşı hal deyil. Amma UEFA-nın qərarından asılı olmayaraq, oyuna can qoymaq üçün çıxacağıq.

- Ehtiyac yaranarsa, Təmkin Xəlilzadə ön cəbhəyə yollanarmı?

- Düşünmədən gedərəm. Xalqımıza, ön xəttdəki qardaşlarımıza dətsək olmaq üçün hər an hazıram.

- Erməni futbolçu Henrik Mxitaryan bir neçə gün öncə sosial şəbəkə hesabı vasitəsilə paylaşım edib sərsəm fikirlər səsləndirdi. Ona nə cavab verərdiniz?

- Mxitaryanın sözləri bizim üçün önəmli deyil. Bütün dünya, Avropa ölkələri ermənilərin necə şərəfsiz olmalarından xəbərdardır. Ermənilər heç vaxt deyə bilməzlər ki, Qarabağ onlarındır. Ali Baş Komandan da bunu çox gözəl ifadə etdi ki, ermənilər yalnız dildə bunu deyə bilərlər, əməldə heç vaxt edə bilməzlər. Kişilikləri çatsaydı, bizim kimi döyüşərdilər. 60-70 yaşlı qocaları, qadınları qabağa verməzdilər. Torpaqlarımızdan necə qaçdıqlarını videolarda da görmüşəm (report).

Digər Xəbərlər
Xəbər Lenti