"Mən yenə özümdən narazıyam, daha yaxşı komanda yaratmaq istəyirəm"

2 İyul 2020 09:28 Sabah 1 018
"Mən yenə özümdən narazıyam, daha yaxşı komanda yaratmaq istəyirəm"

«Mövsümün erkən başa vurulmasına çox üzüldüm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah-2»nin baş məşqçisi Rövşən Babayev deyib.

AFFA İcraiyyə Komitəsinin son qərarıyla I Divizionda mübarizəyə erkən nöqtə qoyuldu və 18 tur tamamlanmadan mükafatçılar elan olundu. Masazır təmsilçisi 32 xalla 4-cü yeri tutdu.

Təcrübəli mütəxəssisin fikrincə, çempionat axıradək oynanılsaydı, medalçılar sırasında yer ala bilərdilər: «Mən buna qətiyyən şübhə etmirəm. Turnir cədvəlinə baxın, lider «Turan»dan 5, bizdən cəmi bir pilə yuxarıda olan «Zaqatala»dan cəmi 3 xal geri qalırıq.

«Ağsu» Diviziondan uzaqlaşdırıldığından, texniki qələbəmiz də olacaqdı. Başqa məşqçilər də təsdiqləyər ki, komandamız oyunu ilə çempionata rəng qatdı.

Ancaq mən yenə də özümdən narazıyam.Yaxşı komanda yaratsaq da, həmişə daha yaxşısını etmək istəmişəm və bunun çalışmışam. Daim axtarışda olmuşam, komandamın istər oyunu, istər intizamıyla seçilməsinə cəhd göstərmişəm.

«Sabah» Divizionun ən gənc heyətinə malik komandalarından biri oldu. Ötən yay başqa bir heyət yığmışdıq. 17-18 yaşlı gənclərə üstünlük vermişdik. Sonra məsləhət oldu ki, üstünlüyü U-19-a verək.

Bilirsiz, Gənclər Liqasından Avropaya getmək mümkündür. Biz də belə etdik, səmərəsini gördük. 19 yaşlılarımız sona kimi Gənclər Liqasında birinci yerə vuruşdu, «Qəbələ» ilə eyni xal topladı.

Məni sevindirən başqa bir məqam əsas komandaya futbolçu verməyimizdir. Jelko Sopiç qış fasiləsində 6-7 gənci Antalya toplanışına apardı. Oradakı yoxlama görüşündə qol vuranlar, özlərini yaxşı tərəfdən göstərənlər oldu.

Bu gənclərə Premyer Liqa oyunlarında da şans verildi. Onlardan Arsen Ağcabəyovu qeyd edərdim. Bizdə istedadlı uşaqlar çoxdur. İnanın mənə, yaxşı nəsil gəlir futbola. Mən bu işin içindəyəm, görürəm. Böyük perspektiv vəd edən uşaqlar tezliklə üzə çıxacaq, hamı onları tanıyacaq.

Ümumiyyətlə, «Sabah»da uşaq-gənclər futboluna xüsusi diqqət ayrılır. Rəhbərliyin bu qayğısını hər addımda hiss edirik. Mənim fikrim göstərilən etimadı doğrultmaq, «Sabah»ın gələcəyi ola biləcək potensiallı ehtiyat qüvvəni tez bir zamanda hazırlamaqdır».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!