“Sabah” ilk dəfə… Premyer Liqada 344 gündən sonra

20 Fevral 2023 12:40 Sabah 489
“Sabah” ilk dəfə… Premyer Liqada 344 gündən sonra

“Sabah” Azərbaycan Premyer Liqasında 344 gündən sonra ilk dəfə öz meydanında məğlub olub.

Sportinfo.az xəbər verir ki, bu, XXIII turda “Turan Tovuz”la oyuna təsadüf edib.

Paytaxt təmsilçisi buna qədər son ev məğlubiyyətini 2022-ci il martın 12-də “Qarabağ”dan (0:1) alıb. Ardınca 15 ev görüşündə uduzmayan paytaxt komandası 11 dəfə qalib gəlib, 4 dəfə sülhlə kifayətlənib.

“Turan Tovuz”la qarşılaşmadakı 0:2 hesabı Bakı klubunun həm də ümumi məğlubiyyətsizliyinə son qoyub.

2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər matçında 3:4 hesabı ilə uduzan Murad Musayevin kollektivi ardıcıl 16 oyunda məğlubiyyətlə üzləşməyib.

161 gündən sonra xalsız qalan bakılılar bu müddətdə 12 qələbə qazanıb, 4 heç-heçə ediblər.

“Turan Tovuz”a məğlubiyyət həm də Premyer Liqada 50-ci olub. Yüksək dəstədə 5-ci mövsümünü keçirən “Sabah” 127-ci görüşdə yenilgi sayında “100”ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti