Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son matçında “Sabah” və “Səbail” üz-üzə gəlib.
Ölkə kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Sabah” bunun revanşını böyükhesablı qələbə ilə alıb.
Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. Coy Lens Mikels 4-cü dəqiqədə, Davit Volkov isə 10-cu və 31-ci dəqiqələrdə fərqlənib.
Qarşılaşmanın 68-ci dəqiqəsində “Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal qırmızı vərəqə ilə cəzalandırılıb. 79-cu dəqiqədə isə qonaq komandanın kapitanı Rahid Əmirquliyev meydandan qovulub.
İkinci hissədə rəqib qapısına daha bir dəfə yol tapan “Sabah” meydanı 4:0 hesablı qalibiyyətlə tərk edib. Son nöqtəni 83-cü dəqiqədə Emmanuel Apeh qoyub.
Bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” xallarının sayını 52-yə çatdırıb. Sonuncu yerdə gedən “Səbail”in isə aktivində 13 xal var.

