Bu ilin mükafatçılarından biri "Sabah" olacaq.
Kimsədə şübhə qalmasın gərək.Ən pis halda gümüş medal onlarındır.
«Neftçi»ni cari mövsüm üçüncü dəfə məğlubiyyətə uğradan «Sabah»ın Avropa qapıları taybatay açıqdır artıq.
Murad Musayev qış fasiləsində yeni transferə imza atdırmayan iki baş məşqçidən biridir. Allah kasıbçılığın üzünü qara eləsin,
Elmar Baxşıyev heyəti gücləndirməyə pul tapmır. Onun rusiyalı həmkarı isə pul sarıdan korluq çəkmir, sadəcə, transfer xatirinə transfer bazarına girmir.
Xidmətindəki futbolçuların siyahısı, onsuz da, genişdir və başqaları gəlməsə belə, bu kontingentlə «Qarabağ»ı təqib etmək mümkündür.
Murad Musayev «Neftçi» ilə ilk iki oyunu çox narahat və əsəbi keçirmişdi. Texniki zonanı bir-birinə qatması yadımdan çıxmayıb hələ.
Həmin Musayev ötən gün olduqca sakit görünürdü və bu tövrünü heç pozmadı. Sərgilənən futboldan və nəticədən mumnun bir görkəmlə final fitinin çalınmasını gözlədi.
«Sabah» 1-90 dəqiqə aralığında oyuna hökm elədi. Üstünlükləri o qədər böyük idi ki…
Bir qapıya oynadılar. Xeyli gediş etdilər, rəngarəng hücumlar qurdular.
Rənglərin sayı o qədər müxtəlif və maraqlı idi, «Neftçi»yə nəfəs aldırmadılar.
Aleksey Kaşuk… Ukraynalının qiyməti üstündədir. «Şaxtyor» icarəyə verdiyi yetirməsini elə bu yay bir neçə milyon avroya satsa, təəccübdən bayılmaram. Nə pul vıersələr, dəyər.
Kaşuka tamaşa eləmək zövq verir. «Sabah»ın hər oyun epizodunda bu gəncin adı, rolu var.
Əsl vunderkinddir. Murad Musayev ukraynalıya həm sərbəst rejissor azadlığı tanıyıb, həm də öz tələbləri ilə onu «yükləyib.
Yalnız istedad və səviyyə bir-birini tamamlayanda bu iki vəzifəni bir arada yerinə yetirmək olar.
Kaşuk da maşallah, ceyrantək süzür: istər ortada, istər irəlidə. «Neftçi»nin bütün legionerlərini qoyaq tərəzinin bir gözünə,
Kaşuku da digər gözə – o, yenə ağır gələcək. Legioner gətirirsənsə, gərək beləsini gətirəsən. Kaşuk ötən mövsüm doşab idi, indi bal.
MUSA