“Sabah”ın futbolçusunun Latviyada legioner həyatı yaşayacağını ilk olaraq xəbər vermişdik.
Azərbaycan klubu Şakir Seyidovun karyerasını “Dauqavpils”də davam etdirməsi ilə bağlı qarşı tərəflə razılığa gəlsə də, hücumçunun Avropaya yollanması yubanır.
Yubanmanın səbəbini öyrənmək, icarə müqaviləsinin detallarına varmaq üçün “tələbələr”in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.
Həmkarımızın Sportinfo.az-a açıqlaması bu oldu:
“Bəli, doğru məlumatdır. Futbolçumuz Şakir Seyidovun karyerasını “Dauqavpils”də davam etdirəcəyi ilə bağlı klublar arasında razılaşma olub.
Seyidov mayın sonuna qədər Latviyada legioner həyatı yaşayacaq. Hazırda futbolçunun viza ilə bağlı müraciətinə cavab gözləyirik”.
2018-ci ildən “Sabah”ın formasını geyinən 21 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 5 oyunda 203 dəqiqə şans qazanıb.
Hazırda “Dauqavpils”də daha bir azərbaycanlı futbolçu – “Neftçi”nin yetirməsi Asim Əlizadə top qovur.
HƏBİB

