Azərbaycan Premyer Liqasında hakim qərəzi ilə ən çox üz-üzə qalan klublardan biri də "Sabah"dır. Dəfələrlə Masazır təmsilçisi hakim səhvlərinə görə xal(lar) itirib.
Bu dəfə danışacağımız mövzu da birbaşa "Sabah" və hakimlərlə bağlıdır.
Belə ki, bu komanda Premyer Liqanın arxada qalan 21 turunda penal vurmayan yeganə kollektivdir. Nəninki Premyer Liqa, hətta Ölkə Kubokda baş tutan 3 matçda da hakimlər belə bir fürsəti Murad Musayevin yetirmələrinə verməyib.
Ümumiyyətlə isə kollektiv sonuncu dəfə penaldan ötən mövsümün 24-cü turunda fərqlənib.
"Neftçi" ilə baş tutan qalmaqallı qarşılaşmada (2-2) oyunun baş hakimi Vuqar Həsənlinin 20-ci dəqiqədə qonaqların qapısına təyin etdiyi penalı Təmkin Xəlilzadə qola çevirməyi bacarıb.
Üst-üstə 28 oyundu "Sabah"lı futbolçular 11 metrlik zərbənin nə olduğunu bilmir. Halbuki bu müddətdə dəfələrlə rəqib qapısı önündə 100%-lik penal və ya "hakim verə də bilər" dediyimiz yarım penal epizodları olub. Amma hər dəfə nədənsə hakimin fiti susub. Düzdü, bu statistikanı bəxtsizlik və təsadüflə də əlaqələndirmək olar. Ancaq təəssüf ki, hakim qərəzinin yox olduğunu demək mümkün deyil.
Maraq üçün digər premyer Liqa klublarının bu baxımdan durumuna göz gəzdirdik. Nəinki "Sabah"ın aqibətin yaşayan, heç ona yaxın gələni də yoxdur.
"Sabah"dan sonra ən uzun seriya digər paytaxt təmsilçisi "Keşlə"yə məxsusdur - 6 oyun.
"Neftçi" və "Səbail" son turda penal vurmaq imkanı qazanıbsa, "Qarabağ" cəmi 1 tur, "Qəbələ" 3, "Sumqayıt" 5, "Zirə" isə 6 tur əvvəl penal vurmaq hüququ əldə edib. Görəsən, penal adlı "mükafat"dan "Sabah"a nə vaxt pay düşəcək?
XANOĞLAN / SPORTİNFO.AZ

