"Sabah" Sumqayıtda xalını 29-a çatdırdı, 5-ci pillədə yer aldı.
Oyunun taleyini ilk hissədə həll etdilər.
Aleksey İsayevin hesabı açdığı epizodu təkrar-təkrar izləmək istərdim. Elit qol vurdu, zövq verdi.
Karyerasının qürub çağını yaşayan Elvin Məmmədovu önünə alıb sağa-sola fırlayan, sonra da sol ayaqla qapının uzaq küncünü dəqiq nişan alan İsayevin tamaşasına dayanmaqdan usanmaq olmaz.
Zamanında Elvin də məhz bu cür idi: topla sehrbazlıq edir, stadionda və ekfran başında toplaşmış azarkeşləri ayağa qaldırırdı.
Kiminin əvvəli, kiminin axırı. 2000 manat qazanacaq deyə, butslarını mıxdan asmayan Elvini Alekseyin göstərdiyi fint, yəqin ki, bu barədə bir daha fikirləşmək məcburiyyətində buraxacaq: gedib, ya getməyim.
«Sabah» da hələ bu suala cavab axtarır. Murad Musayevi və futbolçularını «Qəbələ»nin son 3 turda 8 xal itirməsi ürəkləndirib.
Yenidən həvəsə gəliblər. Rusiyalı baş məşqçi futbolçu sarıdan bolluğa düşüb, Rotasiya edir, ümumi oyun üslubuna isə sadiqlik nümayiş etdirir.
Tox adamların xarakteri üzrə.
MUSA

