"Sabah"ın ispaniyalı legioneri Kristian Sebalyos Sportinfo.az-a açıqlama verib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la görüş haqqında danışıb:
"Bizim yaxşı komandamız var və daha yaxşı nəticələr qazana bilərik. Niyə də olmasın? Bunu artıq sübut etmişik.
Heç vaxt hansısa oyunda qalib gələ bilməyəcəyimizi düşünməmişəm. "Sumqayıt"la oyunumuzdan da 3 xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik".
29 yaşlı oyunçu milli komandalara görə yaranmış fasilənin komandası üçün faydalı olub-olmaması barədə danışmağın çətin olduğunu dilə gətirib:
"Bunu demək çətindir. Çünki heyətimizin bir çox üzvü milli komandalara qoşulduğundan, yaranmış fasilədə tam heyətlə hazırlıq keçə bilmədik. Lakin nəzərə almalıyıq ki, bu, cəmi bir həftədir".
"Kapital Arena"da keçiriləcək "Sumqayıt" - "Sabah" qarşılaşması bu gün, saat 18:15-də start götürəcək.
XANOĞLAN

