“Sabah”ın Ukraynadan etdiyi transferlər – Onlar yeni mövsümdə də burada qalacaqmı?

1 Aprel 2022 13:00 Sabah 1 101
“Sabah”ın Ukraynadan etdiyi transferlər – Onlar yeni mövsümdə də burada qalacaqmı?

Xəbər verdiyimiz kimi, “Sabah” son bir həftədə Ukrayna Premyer Liqasında çıxış etmiş 2 futbolçu ilə müqavilə bağlayıb.

Onlardan birincisi Lukas Rangeldir. “Vorskla”dan gələn brazliyalı mərkəz hücumçusu ilə anlaşmanın müddəti 2 aydır.

29 yaşlı legioner karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib.

Masazır təmsilçisinin rənglərinə bağladığı Aleksey Kaşuk Ukrayna U-21 millisinin vingeridir. 21 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı gənc karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.

Kaşukun 2022-ci ilin iyunun 30-dək klubu ilə müqaviləsi olub. Amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən həmin ölkədə liqa dayandırılıb, bu səbəbdən futbolçuların çoxu xarici klublara keçirlər. Kaşuk da həmin oyunçulardan biridir.

O, FİFA-nın Ukrayna liqalarında çıxış edən futbolçulara verdiyi hüquqdan yararlanıb. Buna əsasən həmin liqada oynayan ukraynalı iki futbolçu qeyri-transfer pəncərəsi dövründə (bu il iyunun 30-dək) azad agent kimi istənilən kluba keçə bilər.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açlqmasında bildirib ki, yeni legionerlərin gələn mövsümü də burada keçirməsi istisna deyil:

"FİFA-nın Ukrayna və Rusiya klublarında çıxış edən futbolçularla bağlı qərarına əsasən, hər klub maksimum 2 futbolçunu heyətinə cəlb edə bilər.

Həm Rangelin, həm də Kaşukun növbəti mövsümdə də "Sabah"da qalıb-qalmaması məsələsi məşqçilər korpusunun qərarı və digər məsələlərdən asılıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti