Hər şeyi deyirik, yazırıq, bir də bunu deyək, bunu yazaq!

14 Fevral 2022 14:40 Sabah 951
Hər şeyi deyirik, yazırıq, bir də bunu deyək, bunu yazaq!

"İkinci yarıda üstünlüyü əldən vermək bizim ən böyük səhvimiz idi. Birinci hissədə çox yaxşı oynadıq.

Həmin vaxt matça nəzarət edirdik və müdafiədə nizam-intizamlı oynayırdıq. Rəqibin təhlükəli epizodlar yaratmasına imkan vermədik.

Sonadək birinci hissədəki kimi oynamalı idik. İkinci hissədə isə intizamı itirdik. Bu, bizim ən böyük səhvimiz idi.

Baş hakim öz işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim fit çalmırsa, amma eyni epizodda digər tərəfə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var.

Mən qarşılaşmanın daha az dayanmasının və sərt futbolun tərəfdarıyam, amma bunun nəticəsi olmalıdır. Əgər imkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın.

Belə alındı ki, o, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda futboldan həzz ala bilmədik. Qalmaqalın hamsının səbəbi hakimdir.

Amma hakimə görə uduzmadıq. Belə hakimlik edilirsə, daha yaxşı oynamalıyıq. İlk yarıdakı kimi oynamalıydıq. Hakim nə etmək istəyirdisə, ona da nail oldu".

"Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib bunları. R

əvan Həmzəzadənin onları «yıxmaq» məqsədilə Masazıra gəldiyini gizlətməyib. Qəsd-qərəz var idi, göründü.

O, hələ nə görüb ki… Görəcəyi günlər qabaqdadır. Ta ki, AFFA-da mövcud vəzifə sahibləri dəyişdirilənə kimi.

Federasiyada əyləşənlərə təmiz rəqabət sərf etmir, hakimlərdən «alət» olaraq yararlanırlar.

Onların öz gəlir-çıxarları var və «Sabah»ın Premyer Liqada çıxış etdiyi tarixdən bugünə kimi davamlı olaraq hakim antipatiyası ilə üzləşməsi belə təsəvvür yaradır ki, bu, məqsədlidir, davamı da olacaq.

Bütün bunlar öz yerində, Murad Musayevin də diqqət yetirməli olduğu məqamlar kifayət qədərdir. Hakim nə etdisə belə, «Neftçi»nin ikinci hissədəki oyun tərzi alqışlanmalıdır.

Altı-yeddi dəqiqə ərzində 3 qol vuran komandanın futbolçusu da, məşqçisi də xoş sözlərə layiqdir. Rəqibin arxa zonasında boşluqları dəqiqliyi ilə müəyyənləşdirən qonaqların fərqləndiyi epizodlar bir-birinə oxşardır.

Bəxtiyar Həsənəlizadə kimi müdafiəçisi olan baş məşqçi gedib kordioloqa müraciət etsin. Bu aralar Murad Musayevi ürək həkiminin qəbul otağında görən olmayıb, kimin xəbəri var?

Bəxtiyar bir «dirək»dir, nə topla oynamağı bacarır, nə də hücum qurmağı. Əlli ildir Premyer Liqada o klubdan bu kluba, bu klubdan o kluba keçir, hələ də «mandraj»dan qurtulmayıb.

Top üstünə gələndə ayaqları əsir, sanki ondan qorxur. Musayev hələ fasilədə Həsənəlizadəni əvəzləməliydi, etmədi, axırı da bu oldu.

«Sabah»ın heyətindən sanbal yağır. Yalnız «Qarabağ» və «Neftç»dən geri qalırlar. Musayev üç aydır Azərbaycandadır, digər klublara bələddir və bu həqiqəti qəbul etməlidir.

«Qarabağ»a 1:5 hesabıyla uduzmaqları ona dərs olmayıb, deyəsən. Heç «Real» da 90 dəqiqə pressinq etmir, sən neyləmək istəyirsən?

«Sabah» nə «Liverpul»dur, nə də «Mançester Siti»: yorğanına bax, sonra ayağını irəli uzat da. Aleksey İsayev bu komandanın gülüdür, hə.

Bir güllə bahar olmur axı. Dön, bir arxa xəttini də gör: etdiyi səhvlərlə «cəh-cəh» vururlar, rəqibə «gəl-gəl» deyirlər.

Tiemoko Fofananı ehtiyatda saxlayıb, ümidini Mixeil Erqemlidzeyə bağlayan baş məşqçi bununla oyuna düzgün müdaxilə etmədi.

Samir Abasov neylədi? Sezar Meza Kollini doğru zamanda «döyüş»ə atdı, səfasını gördü. Mətbuat əksər vaxt yerli məşqçiləri əcnəbi həmkarlarının ayağına verir, yay gəlməmiş belinə mindirir, sonra da qalır vurnuxa-vurnuxa.

Musayevi də gəlib-gəlməyib, tez-tələsik dağ başına qaldırmışıq, bir də onu oradan düşürmək var e! Qoy mövsüm başa çatsın, görək «Sabah» hansı nəticələrə imza atır, sonra qiymətini verək də.

Qaçmır ha! Yeni gəlib, hələ buradadır, niyə və hara tələsirik?

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti