İlbəil inkişaf etmək yolu seçən “Sabah” növbəti layihə həyata keçirir.
Masazır klubu bu məqsədlə azarkeşlərə müraciət ünvanlayıb.
“Tələbələr” avtobusun yeni dizaynını birlikdə seçməyi onlara təklif edib:
“Bu dəfə daha fərqli konseptdə qarşınıza çıxırıq. Yeni dizaynda klubun loqosu ilə yanaşı, qələbə, müdriklik və ağıl rəmzi olan bayquş təsviri də əks etdirilib. Bəyəndiyiniz versiyanı şərh bölməsində qeyd edib, səs verə bilərsiz!”.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında bu təklifin futbolsevərlər tərəfindən böyük maraqla qarşılandığını bildirib:
“Bildiyiniz kimi, bayquş qədimdən bilik, ağıl və bəzi mədəniyyətlərdə də qələbə rəmzi kimi də qəbul edilirdi. Bizim azarkeşlərimizin böyük hissəsini gənclər, tələbələr təşkil edir.
Bayquş bilik və ağıl rəmzi olduğundan, həm bir çox yerlərdə təhsilin simvolu kimi də qəbul edilir. Bütün bunları nəzərə alaraq, yeni avtobus dizaynımızda bu simvoldan istifadə etmək qərarına gəldik.
Təbii ki, bunu ilk öncə azarkeşlərimizlə paylaşmaq, onların da münasibətini öyrənmək üçün səhifəmizdə bu cür sorğu keçirdik.
Deyim ki, yeni dizaynımız və bayquş simvolu səhifəmizin istifadəçiləri tərəfindən çox böyük maraqla qarşılandı və müsbət rəylər aldı.
Yaxın günlərdə sosial şəbəkə istifadəçilərimizin də səsverməsinə əsasən, yeni avtobus dizaynımızla bağlı yekun qərarı açıqlayacağıq”.

