2022-ci ilin əvvəlidir. «Sabah» 2021-ci ilin son 2 ayı ilə müqayisədə bir addım da irəli gedib.
Adətən, baş məşqçi dəyişəndə, yeni personanın işini görmək üçün minimum 6 ay gözləmək lazım gəlir.
Murad Musayevə görə buradakılar narahatlıq keçirməsin - onun «əli» artıq komandanın üzərində görsənir.
Ramin Quliyevin zamanındakı «Sabah»la bugünkü «Sabah»ın arasında fərq o qədər böyükdür ki… Dağ-dərə kimi.
Quliyevin «Sabah»ında Aleksey İsayev özü üçün ortalıqda gəzişirdi. Adicə müdafiədən hücuma neçə çıxmağı bilmirdilər.
Hərə özünü düşünürdü, paltardəyişmə otağında məğlubiyyət ab-havası hökm sürürdü və təbii ki, oyun yox idi.
Adamı əsnəmək tuturdu, baxanın gözünü yuxu aparırdı, stadiona gəldiyin, yaxud ekran qarşısında əyləşdiyin üçün özün-özünə nifrət edirdin.
Murad Musayevin «Sabah»ı nə etdiyini və nə edəcəyini bilir. Meydanın hər qarışı uğrunda vuruşur, kompakt oynayır.
Bir stil var, görünür. Və o da görünür ki, Murad Musayev öz fəlsəfəsini kontingentə qəbul etdirmək mərhələsini geridə qoyub.
Sadəcə, ifaçıların icra keyfiyyəti aşağıdır. Xoşbəxtliyi üçüncü zonada axtaran, düşünülmüş taktiki gedişlərlə mərkəzdə inseativi götürən bir komanda izləmək həqiqətən gözə xoş gəlir.
Bir də görünən odur ki, Murad Musayev futbolçularına özünəgüvən aşılayıb. «Neftçi»ni kubokdan uzaqlaşdırmaq vəzifəsinin öhdəsindən hələ ilk oyundaca gəlmək olardı.
Bunun üçün ikinci hissədə qaçırdıqları qol epizodlarını yada salmaq kifayətdir.
SPORTİNFO.AZ

