“Sabah” qış hazırlıqlarını Antalyada davam etdirir, yoldaşlıq görüşlərində qüvvəsini sınayır.
Lakin komandanın aparıcı müdafiəçilərindən biri – Şpiro Perişiç kollektivlə birgə deyil.
Xorvatiyalı müdafiəçi koronavirusa yoluxduğu üçün nəzərdə tutulan vaxtda komandasına qoşula bilməmişdi. İndi baş məşqçi Murad Musayev və komanda yoldaşları onun yolunu gözləyir.
Bunu bilmək üçün Şpironun “instagram” hesabındakı sonuncu paylaşımına baxmaq kifayətdir.
Perişiç Split şəhərinin mərkəzində qız övladı ilə şəkdirdiyi şəkli paylaşıb. “Sabah”dakı komanda yoldaşı Aleksey İsayevin həmin fotoya reaksiyası özünü çox gözlətməyib.
"10 nömrə” Şpiroya səslənib: “Hardasan? Biz səni gözləyirik”.
Səbəbkarın cavabı “Gəlirəm, qardaşım” olub.
Futbolçuların Antalyada tər tökdüyü vaxtda Perişiçin övladı ilə şəkil paylaşmasının komanda yoldaşlarına nə dərəcədə təsir etdiyini bilmək üçün bir anlıq özümüzü həmin oyunçuların yerinə qoymaq kifayətdir.
Həmin fotonun qarşılığında “Allah qızını saxlasın!” yox, “Hardasan” sualının verilməsi isə əlavə şərhə ehtiyac yeri qoymur.
HƏBİB / SPORTİNFO.AZ

