Mövsümə uğursuz start verən "Sabah" son turlar tədricən özünə gəlməyə başlayıb.
Düzdür, komanda ötən tur "Qarabağ"dan ağır məğlubiyyət (1-5) aldı.
Amma ona kimi öncəki 5 matçda bir heç-heçə etmiş və digər 4 görüşdə qələbə qazanmışdı. Nəzərə alaq ki, son qarşılaşmalara Masazır təmsilçisi ciddi itkilərlə çıxır.
Səlahət Ağayev, Kristian Sebalyos, Xulio Rodriqes zədə səbəbindən, Mixail Ergemlidze isə koronavirusa yoluxduğu üçün komandada uzaq düşüblər.
Adıçəkilən futbolçuların son durumu ilə bağlı komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a məlumat verib:
"Komandada yeganə zədəli Xulio Rodriqesdir. O da fərdi məşqlərə başlayıb. Digər zədəlilər tam sağalıb və komanda ilə məşqlərdə iştirak edirlər.
Baş məşqçinin şans verəcəyi təqdirdə "Səbail"lə oyinda meydana çıxa bilərlər".
"Səbail" - "Sabah" matçı sabah, saat 16:30-da start götürəcək.

