Azərbaycan Premyer Liqasında X tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edib.
Meydan sahibləri yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında çıxdığı ilk qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb.
Görüş erkən qolla başlayıb. 55-ci saniyədə "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı açıb. Almaniyalı bununla mövsümün ən erkən qolunu vurub.
Cəmi 4 dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Davit Volkov adını tabloya yazdırıb. 23-cü dəqiqədə Mikels özünün və komandasının 2-ci qoluna imza atıb.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Xuan Kamara hesab arasındakı fərqi minimuma endirib. İspaniyalı fasilədən dərhal sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Say üstünlüyündən istifadə edən "qartallar" 59-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Volkov dublunu rəsmiləşdirib.
Görüşdə son nöqtəni də gürcüstanlı hücumçu qoyub. 82-ci dəqiqədə fərqlənən forvard həm komandasını məğlubiyyətdən xilas edib, həm də mövsümün ilk het-trikini gerçəkləşdirib.
Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. 8 xalı olan "Sabah" isə sonuncu sıradan xilas olaraq, 7-ci yerə qalxıb.

