“Qəbələ”yə qarşı çox yaxşı oynadıq.
Oyuna nəzarət etdik və çox sayda qol epizodu yaratdıq. Yekunda istədiyimiz qələbəni əldə etdik”.
“Sabah”ın yay transfer dönəmində heyətinə qatdığı Kristian Sebalyos komandasının “Qəbələ” üzərindəki 3:1 hesablı qalibiyyəti haqda Sportinfo.az-a danışıb.
“Tələbələr”in ardıcıl 2 oyunda 3 xala sevinməsi ortaya suallar çıxarır.
Bəs, öncəki baş məşqçinin dönəmində 7 matçda komanda niyə cəmi 1 xal qazanmışdı? Həqiqətənmi problem sabiq baş məşqçi Ramin Quliyevdə idi?
Futbolun sirlərinə 12-19 yaşları arasında “Barselona”nın Futbol Akademiyasında yiyələnmiş 28 yaşlı yarımmüdafiəçi əvvəlki oyunlarda da qələbəyə yaxın olduğunu bildirib:
“Düzünü desəm, oyun planında əvvəl də pis təsir bağışlamırdıq. Qələbə qazanmalı görüşlərdə məğlub olduğumuzu xatırlayıram.
Sadəcə, zaman keçdikcə müdafiə xətində daha inamlı görünürük. Son iki matçda bunun böyük təsiri oldu.
Artıq hücumda da “dişli” görünürük. “Sumqayıt” və “Qəbələ”ylə görüşlərdə 6 qol vurmağa nail olduq”.

