AFFA İntizam Komitəsi “Səbail”ın fransalı legioneri Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.
63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı forvard Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib.
Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.
Daha əvvəl Fransa millisinin sabiq yarımmüdafiəçisi, hazırda İspaniya "Real Madrid"ində baş məşqçi postunu tutan Zinəddin Zidan İtaliya ilə 2006-cı il dünya çempionatının final matçı zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atıb.
Bu, məşhur oyunçunun futbolçu karyerasında son qarşılaşması olub. Həmin vaxtdan "Zidansayağı kəllə" kimi məşhurlaşmış zərbədən indi onun həmyerlisi Azərbaycan çempionatında yararlanıb.
Komandanın baş məşqçisi Aftandil Hacıyev həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib.
Klub isə hər iki şəxsə görə ümumilikdə 7200 manat cərimələnib.
Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.

