Bilindiyi kimi, “Sabah” 2 gün öncə hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.
Klub rəsmi saytı vasitəsilə saytımızın yaydığı məlumatı təsdiqləyib.
Qeyd olunub ki, serbiyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Legionerin şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyi müsbət cavablandırılıb.
31 yaşlı Petar Şkuletiç “Sabah”a ötən ay “Monpelye”dən keçib. Sentyabrda 2 illik müqaviləyə imza atan balkanlı forvard Premyer Liqamızda cəmi 4 oyunda iştirak edib.
Son 4 turda müvafiq olaraq “Neftçi”yə qarşı 59, “Keşlə” ilə matçda 76, “Qarabağ”la oyunda 13, “Sumqayıt”la qarşılaşmada isə 42 dəqiqə meydanda olan Şkuletiçin bakılılarla müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.
“Şkuletiç özü klub rəhbərliyi ilə görüşdü və şəxsi səbəblərdən ayrılmaq istədiyini bildirdi. Rəhbərlik də bunu anlayışla qarşıladı”.
“Sabah”ın mətbuat xidmətinin rəhbərli Elnur Həmidov Serbiya millisinin sabiq üzvünün burada olduğu qısa müddətdə özünü yalnız hiss etmədiyini söyləyib:
“Konkret səbəbin nə olduğunu bilmirəm. Təbii ki, futbolçu özü getmək istədiyindən, ona heç bir təzminat verilmədi.
Komanda daxilində heç bir problem olmayıb. İlk növbədə ona görə ki, özünü tək hiss eləmirdi. Çünki heyətimizdə serbiyalı, xorvatiyalı futbolçular var.
Komanda yoldaşları da onun xətrini çox istəyirdi. Üstəlik, Şkuletiç rusca çox yaxşı danışa bilirdi və türkcə də başa düşürdü. Petar ailəlidir, onları da bura gətirmişdi”.
Redaksiyamıza bu ayrılığın səbəbləri barədə yeni məlumatlar daxil olub. Belə ki, sabiq “Monako”lunun xanımının təkidi ilə Azərbaycanı tərk etməsini öyrənmişik.
Həyat yoldaşı Bakıda həyatın darıxdırıcı olduğunu iddia edib, Petara Monako və ya Moskva şəhərlərindən birində yaşamaq istədiyini deyib.
O, koronavirusa yoluxma hallarının son vaxtlar yenidən artmasını əsas gətirərək, övladlarının burada təhsil almasından ehtiyatlandığını söyləyib.
SPORTİNFO.AZ

