"Bunun alınmamasına səbəb olan amilləri aradan qaldırmaq üçün iş aparırıq" - Ramin Quliyev

15 Oktyabr 2021 14:00 Sabah 483
"Bunun alınmamasına səbəb olan amilləri aradan qaldırmaq üçün iş aparırıq" - Ramin Quliyev

"İki həftəlik fasilə bizim üçün çox yerinə düşdü. Bu gün turnir cədvəlində sonuncu pillədə qərarlaşmağımız üzücü haldır, amma çempionat uzun marafondur və ilk pillələrdə olan komandalarla olan 10-12 xallıq fərqi aradan qaldırmaq mümkünsüz deyil".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Ramin Quliyev deyib.

Mövsümə uğursuz start verən Masazır təmsilçisinin çalışdırıcısı yeni yığılmış komandanın uyğunlaşması üçün zamana ehtiyacları olmasını xüsusi önə çəkib: "Hər birimiz bilirik ki, hansısa oyunçunun yeni komandaya, mühitə, kollektivə və məşqçiyə uyğunlaşması zaman tələb edir. Bəzən bu tez baş verir, bəzən isə bir qədər zaman alır. Təsəvvür edin, yayda komandadan 13-14 futbolçu gedir və xeyli sayda yeni futbolçu gəlirsə, bu komandanın oyununa necə təsir göstərir.

Bunları hazırkı vəziyyətimizə bəhanə kimi gətirmirəm. Təbii ki, daha çox xal toplamağa və qələbə qazanmağa borclu idik. Bunun alınmamasına səbəb olan amilləri aradan qaldırmaq üçün iş aparırıq. Sadəcə, hazırkı vəziyyətimizi soyuqqanlı təhlil edib, obyektiv səbəbləri nəzərə alsaq, yeni kollektivin formalaşması prosesinin çətin olduğunu qəbul etməliyik. Bu baxımdan 2 həftəlik fasilənin bizim yalnız xeyrimizə olduğunu düşünürəm. Bu fasilə xətlər arası anlaşmanı yaxşılaşdırmaq və müəyyən gedişlər üzərində işləməyimiz baxımından yaxşı fürsət oldu".

Milli komandalara görə Premyer Liqamızda yaranmış fasilə bu həftə başa çatır. Arxada qalan 6 turda qələbə üzünə həsrət qalan yeganə komanda "Sabah"dır. Komandanı bu həftə lider "Qarabağ"la ağır oyun gözləyir.

Görəsən, komanda bu qarşılaşmada nəyə ümid edir?

Quliyevi dinləyək: "Bəli, önümüzdəki turda “Qarabağ” kimi oturuşmuş heyəti olan və özünəməxsus üslubu ilə seçilən rəqibə qarşı oynayacağıq. Amma futbolun gözəlliyi də ondadı ki, hansı komanda oyun günü daha istəkli olur və daha az səhv edirsə, o da qalib gəlir. Bu gün bizim üçün hər oyun çox vacib xarakter daşıyır. Çalışacağıq ki, baxımlı oyun sərgiləyib, xallarımızın sayını artıraq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"