“Sabah“ Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu məhkəməyə verib.
FİFA Azərbaycan təmsilçisinin şikayət ərizəsini artıq incələməyə başlayıb.
Bu ayın sonunadək ilk dinlənmə prosesinin keçirilməsi gözlənilir. Ümumiyyətlə isə qurumun bu məsələyə ilə bağlı mübahisələrə gələn ilin yanvarınadək aydınlıq gətirməsi ehtimal olunur.
Bütün bunlar Bəhlul Mustafazadəyə görədir. Çünki ərəblər millimizin müdafiəçisi ilə müqavilə imzalasa da, iyulda onun transferindən rəsmən imtina edib.
Asiya təmsilçisi Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğvi ilə bağlı “Sabah”a məktub ünvanlayıb. Bu, transfer reallaşdıqdan 18 gün sonra gerçəkləşib.
BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin “Sabah”la müqaviləsi də ləğv olunmuş hesab edilir. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib və “Qarabağ“ın yolnu tutub.
Hadisələrin belə axarından narazı olan “Sabah” FİFA-ya şikayət edib. Masazır təmsilçisi “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət ünvanlayıb. Tələb 600 min avroluq təzminatın ödənilməsidir.
Eyni zamanda, Mustafazadə də "Əl-Əyn"dən FİFA-ya şikayət ərizəsi ünvanlayıb və BƏƏ klubundan 900 min avro təzminat istəyib.
“Qəbələ”nin yetirməsi onunla 3 illik müqavilə imzalayan və iyulun 1-dən qüvvəyə minən kontraktı sonradan birtərəfli qaydada pozan BƏƏ təmsilçisinin qeyri-peşəkar davranışına görə sərt cəzalandırılmasını arzulayır.
“Əl-Əyn”lə razılığa gəlməsi səbəbindən “Sabah”dan ayrılan, ərəblərin məlum addımı atması nəticəsində “Qarabağ”ın yolunu tutan Mustafazadənin FİFA-ya göndərdiyi şikayət ərizəsində 900 min avronu qeyd eləməsi təsadüfi deyil.
BƏƏ klubu rəsmi sənədlərə əsasən, 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb.
SPORTİNFO.AZ

