Üç illik aradan sonra fəaliyyətini bərpa edən “Ağsu Siti" ciddi problemlə üzləşib.
Yenidən Region Liqasının iştirakçıları arasında yer almış aran klubu doğma rayondan uzaq düşüb.
Komanda İsmayıllı Olimpiya Kompleksinin stadionuna üz tutub, Halbuki Ağsunun özündə AFFA-nın balansında olan stadion mövcuddur.
Fəqət, bu arenadan istifadə etmək üçün federasiyaya böyük məbləğ ödəmək tələb olunur.
Söhbət hər oyuna görə istənilən 1000 manatdan gedir. Bu da həvəskar kollektiv üçün əlçatmaz vəsaitdir.
“Ağsu Siti"nin prezidenti Rəmzi Eminli problemi aradan qaldırmaq üçün konkret addım atıb. O, AFFA rəsmiləri ilə görüşüb, mövcud çətinliyin aradan qaldırılması üçün kömək istəyib.
Bildirib ki, hər dəfə 1000 manatı ödəmək onlar üçün çətindir, federasiya kluba yardım əlini uzatsa, Ağsuda futbolun kütləviliyini təmin eləmək, yeniyetmə və gəncləri bu idman növünə daha çox bağlamaq, beləcə, zərərli vərdişlərdən uzaqlaşdırmaq mümkündür.
SPORTİNFO.AZ

