“Ondan belə şeyləri çox görmüşəm” – Dostu GÜNDƏMİN ADAMI haqda danışdı

7 Noyabr 2022 19:00 Qəbələ 722
“Ondan belə şeyləri çox görmüşəm” – Dostu GÜNDƏMİN ADAMI haqda danışdı

Şənbə günü bölgədə baş tutan “Qəbələ” – “Zirə” matçı uzun müddət yaddan çıxmayacaq.

Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə meydana sonradan daxil olan Ülvi İsgəndərovun vurduğu möhtəşəm qol ölkə futbol tarixinə ən baxımlı qollardan biri, bəlkə də birincisi kimi düşdü.

Meydanın mərkəzindən – təxminən 55 metrdən Mehdi Cənnətovun irəli çıxdığını görən hücumçu solaxay zərbə ilə topu tora qovuşdurdu. Həmin qol “Qəbələ”yə 3 xal gətirdi, İsgəndərovu gündəmin adamı etdi.

Vaxtilə matçın qəhrəmanı ilə “Qəbələ”nin aşağı yaş qruplarında oynamış, onu xeyli vaxtdır tanıyanlar Ülvinin qeyri-adi keyfiyyətlərindən danışır, indiyə qədər vurduğu baxımlı qollardan bəhs edir.

Elə Rövlan Muradov kimi. Bölgə təmsilçisinin “14 nömrə”si ilə uzun illərdir çiyin-çiyinə oynayan, həm də yaxın dost olan Muradov Sportinfo.az-a açıqlamasında çempionatın ən baxımlı qolunu şərh edib:

“Ülvi bizim jokerdir. İllərdir birlikdə oynayırıq. Həmişə kreativ qollar vurması ilə seçilib.

İstər akademiya vaxtı olsun, istərsə də əsas komandanın məşqlərində. Nə gizlədim, ondan buna bənzər qollar çox görmüşəm.

Bu dəfəki qolu təkcə baxımlılığına görə yox, həm də vacibliyinə görə işimizə yaradı. Olduqca vacib qol idi.

55 metrdən qapını görmək və topa dəqiq zərbə endirmək möhtəşəmdir. Şükürlər olsun ki, 90 dəqiqə ərzində çəkdiyimiz əziyyət yerdə qalmadı.

Artıq bu oyun geridə qaldı. Yaşananları unudub “Neftçi” ilə matça köklənməliyik. Məqsədimiz qalib gəlməkdir. Qarşıda bizi daha vacib oyunlar gözləyir”.

“Qəbələ” Ülvi İsgəndərlinin sayəsində xalların sayını 20-yə yüksəldərək 4-cü pilləni “Zirə”dən aldı.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti