«Qəbələ» bu mövsüm bir ilki başardı. İddialılardan birini udddular.
Birinci dövrədə medallar uğrunda yarışmanın bütün real iştirakçılarına yenilmişdilər.
Siftə «Zirə» ilə gəldi. Ülvi İsgəndərov 90+3-cü dəqiqədə vurduğu qolla 3 xalın sahibini müəyyənləşdirdi.
Sizə qol deyirəm e, qol! Ülvi mövsümün bəlkə də ən yaxşısı seçiləcək qola imza atdı. Doğrudan da, görülməyə dəyərdi.
Mehdi Cənnətovun bir qədər irəli çıxdığını görən hücumçu mərkəzdən qapını elə dəqiq nişan aldı ki…
Topa dəqiq və zərgər toxunuşu ilə zərbə endirən Ülvi növbəti dəfə sübut etdi ki, Elmar Baxşıyev onu nahaq yerə ehtiyat skamyada əyləşdirir.
81-ci dəqiqədə meydana daxil olmuş forvardın bundan sonra əsas heyətdə forma şansı qazanacağını gözləyirəm.
Hər halda o, bunu haqq edir, özü də artıqlamasıyla. Yəqin ki, Baxşıyevin onun haqda qərarını dəyişməsi üçün Ülvinin gələn dəfə qapıdan qapıya qol vurmasına gərək qalmaz.
«Səbail»lə səfərdəki qarşılaşmada da son dəqiqə qoluyla «Qəbələ»yə qələbə qazandırmış Ülvi yenə ilk «11-lik»dən kənarda qalsa, məsləhət görürəm ki. qış fasiləsində komandasını dəyişsin, ona qyimət verənlərin yanına getsin.
İsgəndərov «növbəti qolçu», nə bilim, Azərbaycanın Semih Şentürkü deyil. Elmar Baxşıyev «çempionatın ən qeyri-adi hücumçusu» adlandırdığı Ülviyə ən azı Ramon Maçado qədər sayğılı davranmalıdır.
Ad-soyadını dəyişib Ulvinyo qoysaydı, Baxşıyev onun başına pərvanətək dolanırdı.
Nə gözəl, o, azərbaycanlıdır.
KAMİL

