«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyevin gələcək aqibəti məlum olub.
Klub rəhbərliyi ona qış fasiləsinədək zaman tanıyıb.
3 ildən artıqdır sükan arxasında dayanan mütəxəssisin burada qalması əldə edəcəyi nəticələrdən asılıdır.
Avrokuboklarda uğursuz çıxış edən «qırmızı-qaralar» Premyer Liqanın yeni mövsümündə də qeyri-sabit nəticələri ilə diqqət mərkəzindədir. Geridə qalan 11 həftədə 17 xal toplayan əyalət təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Ötən mövsümlə müqayisədə nəticələrin pisləşməsi maliyyə azlığı ilə əlaqədar deyil. Bu cəhətdən klubda ümumi vəziyyət qaydasındadır.
Fariz Nəcəfov prezident olaraq öz üzərinə düşən işi layiqincə yerinə yetirir. Üstəlik, «Gilan» və AFFA bölgə təmsilçisinə normal vəsait ayırıb.
Problem baş məşqçidən qaynaqlanır. Əksər futbolçuların Baxşıyevə münasibəti dəyişib. Onu istəmirlər. Elmar bəyin yerlilərlə legionerlər arasında ayrı-seçkilik etməsi kollektivi iki yerə parçalayıb və neqativ söz-söhbətlərin sayını artırıb.
Gənc çalışdırıcıların əcnəbi futbolçuların diktəsi ilə heyət seçməsi, formada olmayan legionerlərə daim şans tanıması ab-havanı tamamən pozub.
Əvvəl klubun idarəçiləri Baxşıyevi dörd bir tərəfdən qoruyurdu. Bu gün o istək rəsmilərdə yoxdur.
Mediada baş məşqçiyə yönəlik tənqidi yazılar son vaxtlar xeyli artıb, di gəl, funksionerlərin buna reaksiyası hədsiz dərəcədə zəifdir.
Buradan da aydın olur ki, onlar Baxşıyevlə yolların ayrılması variantı barədə indi daha tez-tez düşünürlər. Axı susmağın özü də razılıq əlamətidir.
Mətbu kəsimin baş məşqçinin işinə mənfi qiymət verməsinə səssiz qalmalarını başqa cür izah etmək də mümkün deyil.
Premyer Liqanın cari mövsümündə 2 klub baş məşqçi dəyişikliyinə gedib. «Sumqayıt» Aleksey Baqanı Samir Abasovla, «Kəpəz» isə Yaşar Vahabzadəni Tərlan Əhmədovla əvəzləyib.
SPORTİNFO.AZ

